Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində şəhər Mədəniyyət Mərkəzində şəhid əsgər, komando Nicat Nəzərlinin doğum gününə həsr olunan tədbir keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, digər rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, şəhidin təhsil aldığı Lənkəran rayonu Ərəstun Xalıqov adına Rvo kənd tam orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Öncə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgiyə baxış olub. Nicat Nəzərlinin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Çıxışlarda qeyd olunub ki, şəhidlərin qısa, lakin şərəfli ömrü gələcək nəsillərin vətənpərvər tərbiyəsində xüsusi əhəmiyyət daşıyır. Vətən yolunda canlarını fəda edənlərin xatirəsi hər zaman əziz tutulacaq.

Sonra Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasında Nicat Nəzərlinin yağlı boya ilə çəkilmiş portreti şəhidin valideynlərinə təqdim edilib.

Vətənsevərlik ruhunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub, mahnılar ifa edilib.

Nicat Mübariz oğlu Nəzərli 22 avqust 2004-cü ildə Lənkəranın Narbağı kəndində anadan olub. Rvo kənd orta məktəbində, Lənkəranda 113 nömrəli texniki peşə məktəbində (indiki Lənkəran peşə liseyi) təhsil alıb.

Hərbi xidmətə gedən Nicat Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirdiyi antiterror əməliyyatında iştirak edib. Sentyabrın 19-da şəhidlik zirvəsinə ucalıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə Nicat Nəzərli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və “Vətən uğrunda” medalına layiq görülüb.

***

Masallı rayon Mərkəzi Kitabxanasında isə Vətən müharibəsinin şəhid çavuşu Namiq Bağırovun doğum günü münasibətilə tədbir keçirilib.

Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 6-da Füzulinin azadlığı uğrunda döyüşlərdə şəhid olub.

Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

***

Tovuz rayon Nizami adına Mədəniyyət evində yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Manya Səxavətqızının şəhidlərə həsr etdiyi “Vətən fədailəri: Tovuz şəhidləri” kitabının təqdimatı keçirilib.

Mərasimdə şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Vətən fədailəri” layihəsinin rəhbəri M.Səxavətqızı və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, təqdimatı keçirilən kitab “Vətən fədailəri” layihəsi üzrə dördüncü nəşrdir. Bu silsilədən Naxçıvan, İmişli və Şəki şəhidlərinə həsr olunmuş kitablar işıq üzü görüb.

Nurəddin Məmmədli