Xəbər verdiyimiz kimi, Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkənin turistik şəhərləri olan Marmaris və Antalyada “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri (29–31 avqust) təşkil olunub.
Tədbirlər çərçivəsində Antalyada, Konyaaltı bələdiyyəsinin Mədəniyyət mərkəzində möhtəşəm konsert proqramı gerçəkləşib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan açılış mərasimində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov və Antalya valisi Hulusi Şahin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərdən və əməkdaşlıqdan danışıblar.

İki qardaş ölkə arasındakı münasibətlərin dünya üçün nümunə olduğunu vurğulayan natiqlər Türkiyədə Azərbaycan mədəniyyətinə böyük maraq olduğunu qeyd edib, ilk dəfə Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin bölgədə Azərbaycan milli mədəniyyətinin daha da yaxından tanıtmağa imkan yaratdığını bildiriblər.

Sonra Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, eləcə də turizm bölgələrini özündə əks etdirən videoçarx nümayiş olunub.

Mərasim Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqramla davam etdirilib.

Tədbirdə Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevanın Azərbaycan-Türkiyə qardaşlığına həsr edilən monoloqu tamaşaçıların alqışları ilə qarşılanıb.

Konsert proqramı Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərovanın ifaları və Azərbaycan Mədəniyyət Mərkəzinin “Xəzər” rəqs ansamblının təqdimatında “Azərbaycan suitası”, “Uzundərə”, “Şuşanın dağları” adlı milli rəqslərimiz, habelə nağara və qavalçıların çıxışı ilə davam edib.