Bülbül vokal məktəbi yeni tələbələrini seçib
Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün ənənələrini davam etdirən Bülbül vokal məktəbinə yeni tələbələrin seçimi başa çatıb.
Əməkdar artist Ramil Qasımovun yaratdığı məktəbdə təhsil almaq üçün müraciət etmiş 367 nəfərdən 35-i növbəti mərhələyə keçib. Avqust ayının sonlarında keçirilmiş dinləmələrdə yeni tədris ili üçün 11 tələbə seçilib.
Təqdirəlayiq haldır ki, Bülbül vokal məktəbinin növbəti tədris ili üçün elan etdiyi müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Zaqatala, Mingəçevir, Şəki və s.) iştirakçılar müraciət edib.
Qeyd edək ki, artıq bir ildir ödənişsiz əsaslarla fəaliyyət göstərən məktəbin tələbələri konsert proqramlarında, festivallarda çıxış ediblər. Vokal məktəbində tədris müddəti iki ildir.
Məktəbdə vokal sənətinin sirlərini öyrənənlərdən artıq tələbə adını qazananlar da var. Bu günlərdə Ərşad Heydərov və Nəzrin Mansırlı Azərbaycan Milli Konservatoriyasına (milli vokal), Atilla Məmmədov Bakı Musiqi Akademiyasına (akademik vokal) qəbul olunublar.
Gülcahan