Sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsi artıq məlumdur. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 2-də seçkilərin ilkin nəticələrini elan edib.
125 seçki dairəsi üzrə lider namizədlərin siyahısı, eləcə də hər dairədə namizədlərin qazandığı səs sayı və digər məlumatlar MSK-nın saytında yerləşdirilib.
Qeyd edək ki, parlament seçkilərində 6 milyon 422 min vətəndaş səsvermə hüququna malik idi. MSK-nın məlumatına görə, səsvermədə iştirak göstəricisi 37 faiz olub.
Milli Məclisə seçkilər 125 dairə üzrə 6478 məntəqədə keçirilib.
Parlamentdəki 125 yer uğrunda 990 namizəd mübarizə aparıb. Onlardan 305 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 684 nəfərin namizədliyi öz təşəbbüsü ilə, 1 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə gəlincə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII çağırış Milli Məclisdə 68 yer deputatı olacaq. Əvvəlki parlamentdə YAP-ı təmsil edən deputat sayı 69 idi.
YAP-dan başqa parlamentdə daha 10 siyasi partiya (əvvəlki parlamentdə 9 idi) təmsil olunacaq. O cümlədən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) 2, Respublikaçı Alternativ Partiyası (REAL), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Milli Cəbhə Partiyası (MCP), Böyük Azərbaycan Partiyası (BAP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Böyük Quruluş Partiyası (BQP), Ana Vətən Partiyası (AVP) və Demokratik İslahatlar Partiyasının (DİP) hərəyə bir deputatı olacaq.
Əvvəlki parlamentdə təmsil olunan Vəhdət Partiyasından (VP) bu dəfə seçkilərdə uğur qazanan olmayıb. I və II çağırış Milli Məclisdə deputatı olmuş AMİP iyirmi il sonra yenidən, BAP isə yaranmasından bu yana ilk dəfə parlamentdə təmsil olunmaq imkanı əldə edib.
Seçki dairələri üzrə lider namizədlərdən 44-ü heç bir partiyanı təmsil etmir. Əvvəlki parlamentdə bitərəflərin sayı 41 nəfər olub.
İlkin nəticələrə görə, dairələr üzrə ən çox səs toplayan namizədlərin ən gəncinin 29, ən yaşlısının isə 84 yaşı var.
Deputat mandatı qazanacaq şəxslər arasında 10-dan çox dövlət məmuru, eləcə də diplomatik xidmətdə çalışanlar var. Müvafiq qanunvericiliyin tələblərinə əsasən, onlar deputatlıq statusu təsdiq ediləndən sonra tutduqları vəzifələrdən istefa verəcəklər.
Seçkilərin ilkin nəticələrinə görə, VII çağırış Milli Məclisdə 26 qadın deputatın olacağını demək olar. Bu, Azərbaycanın müstəqillik tarixində qadınların ən çox təmsil olunduğu parlament olacaq. Bundan öncəki parlamentdə 22 qadın deputat olub. 2015-ci ildə isə 21 qadın deputat seçilmişdi.