Azərbaycan Turizm İnstitutunda faşizm üzrə Qələbənin 69-cu ildönümünə həsr olunmuş tədbir və «Bakının qəhrəman müdafiəçisi - general Məmmədbağır Hadi oğlu Bağırov» kitabının təqdimatı keçirilib.

ATİ-nin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov tədbiri açaraq Azərbaycan xalqının II Dünya müharibəsində göstərdiyi şücaətindən, qəhrəmanlıq tarixindən danışıb. Faşizm üzərində qələbənin qazanılmasında xalqımızın 600 mindən çox övladının iştirak etdiyini, onlardan yarıdan çoxunun həlak olduğunu diqqətə çatdırıb. Qələbənin qazanılmasında Bakı neftinin müstəsna tarixi rol oynadığı xüsusi vurğulanıb.
«Bakının qəhrəman müdafiəçisi - general Məmmədbağır Hadi oğlu Bağırov» kitabının müəllifi dosent Məhərrəm Zülfüqarlı bildirib ki, sovet hakimiyyəti illərində yeridilən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində general rütbəsinə yüksəlmiş Azərbaycanın qeyrətli oğulları olub. «Bu görkəmli şəxsiyyətlərin bəziləri haqqında kitab və məqalələr, bədii əsərlər yazılıb, hətta filmlər çəkilib. Lakin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuş bir sıra şəxsiyyətlər diqqətdən kənarda qalıb. Onlardan biri də general-mayor Məmmədbağır Hadi oğlu Bağırovdur. Sovet tarixşünaslığında II Dünya müharibəsində Rusiyanın, Ukraynanın, Belarusun müdafiəsində iştirak etmiş azərbaycanlılar haqqında geniş məlumatlar verilsə də, Bakının qəhrəman müdafiəçiləri haqqında məlumatın olmaması tariximizin ağ ləkələridir».
Qeyd edilib ki, Azərbaycan Sovet Ensiklopediyasında verilmiş qısa yazıdan başqa general-mayor M.Bağırov haqqında elmi ədəbiyyatda heç bir məlumata rast gəlmək mümkün deyil: «Müharibədən sonra onun səhhətində ciddi problemlər olmasa da, Moskvada adi tibbi müayinədən sonra vəziyyətinin ağırlaşması və sonradan sağalmaz xəstəliyə düçar olması ona qarşı sui-qəsd ehtimalını ortaya çıxarır. Doğmalarının bildirdiyinə görə, generalı Moskvada erməni həkim müalicə edib və geri qayıtdıqdan sonra onun ağciyər xərçəngindən tezliklə vəfat etməsi sübut edir ki, bu, təsadüfi olmayıb. Fikrimizcə, Azərbaycan xalqının qəhrəman oğlu, general M.Bağırovun fəaliyyəti haqqında obyektiv tədqiqat işlərinin aparılması Bakının müdafiəsinə rəhbərlik etmiş bir şəxsiyyət haqqında obyektiv məlumat əldə etməyə, onun layiq olduğu tarixi qiyməti almasına kömək edə bilər».
Sonra M.Bağırovun ailə üzvləri general haqqında xatirələrini bölüşüblər.


Fəxriyyə Abdullayeva