“Konsertlərdə, festivallarda məni “Azərbaycandan Elçin Şirinov” deyə çağıranda qürur duyuram”

 

Əməkdar artist, bəstəkar və caz pianoçu Elçin Şirinov altı ildən çoxdur Londonda yaşayır və Azərbaycan incəsənətini Britaniyanın müxtəlif şəhərlərində və Avropada təmsil edir.

Tanınmış cazmen AZƏRTAC-ın Londondakı müxbiri ilə söhbətində Böyük Britaniyadakı həyatı və fəaliyyəti barədə danışıb.

 

– Necə oldu ki, Londona gəldiniz?

– 2017-ci ildə Londona talant vizası ilə gəlmişəm. Bu vizanı əldə etmək olduqca çətin idi. Mən müraciət edəndə təxminən 500 nəfərlik kvota var idi və bu kvota yalnız musiqi üçün deyil, bütün incəsənət sahələrini əhatə edirdi. Ümidim az olsa da, müraciətim qəbul edildi. Bütün proses bir il çəkdi.

 

– Ailədə sizdən başqa musiqi ilə məşğul olan varmı?

– Böyük qardaşım Emin Şirinov klarnet ifaçısıdır, ortancıl qardaşım Ayaz Şirinov isə tar ifaçısıdır. Onların ikinci musiqi alətləri piano idi. Atam onlara piano aldı, onda mənim 3-4 yaşım olardı. Valideynlərim məni piano bölümünə qoymaq istəmədilər. Dedilər ki, artıq ailədə iki musiqiçi var və mən başqa sənət seçim. Ancaq mən öz seçimimi etmişdim. Pianodan başqa heç nə seçə bilməzdim.

 

– Azərbaycan mədəniyyətini beynəlxalq səhnələrdə, xüsusilə də London kimi çoxmədəniyyətli bir şəhərdə təmsil etmək sizə hansı hisslər yaşadır?

– Ümumiyyətlə, Azərbaycanı nəinki Londonda, həm də Avropada təmsil etmək qürurverici bir hissdir və böyük məsuliyyət tələb edir. Hər zaman konsertlərdə və ya festivallarda mənim adımı “Azərbaycandan Elçin Şirinov” deyə çağıranda çox qürur duyuram və çalışıram ki, ölkəmizi hər zaman layiqincə təmsil edim. Bəzən elə olur ki, kiminsə ölkəmiz haqqında heç bir məlumatı olmur, ancaq konsertdən sonra Azərbaycan haqqında araşdırıb nəsə öyrənirlər. Bu, sevindirici haldır.

Uşaq vaxtlarından mən Azərbaycan muğamı, xalq musiqisi və bəstəkarlarımızın mahnılarını öyrəndiyim üçün bu musiqi artıq qanıma hopub. Elə vaxt olur ki, biz Amerika caz standartlarını ifa edirik, bəzən isə təbii olaraq Azərbaycan melodiyaları və elementləri musiqidə öz əksini tapır. Konsertdən sonra dinləyicilər çox vaxt soruşur ki, bu nə melodiyalardır. Mən onlara Azərbaycan musiqisi haqqında danışıram və ya linklər göndərirəm.

 

– Bir caz pianoçu kimi Londonda işləmək, yaşamaq çətindirmi?

– 2018-ci ildə buraya köçdükdən sonra məşhur kontrabas ifaçısı Avişay Koenlə işləməyə başladım və dörd il onun triosunda çıxış etdim. Onunla dünyanın müxtəlif festivallarında iştirak etdik. Triodan ayrıldıqdan sonra Londondakı musiqiçilər mənimlə ifa etmək üçün can atırdılar, bu baxımdan heç bir problem yaşamadım.

Çətinliklər əsasən maliyyə ilə bağlıdır, çünki London bahalı şəhərdir. Havası daima yaxşı olmur. Ancaq incəsənət baxımından London ən vacib şəhərlərdən biridir. Burada musiqiçi üçün çoxlu inkişaf imkanları mövcuddur.

Aytən Abbaslı
AZƏRTAC