Salyan rayon Heydər Əliyev Mərkəzində rayon üzrə Gənclər və idman sektoru ilə birgə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda dəyirmi masa təşkil olunub. Ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinin (3 sentyabr 1991-ci il) 33-cü ildönümünə həsr olunmuş tədbirdə gənclər, mədəniyyət işçiləri, ziyalılar iştirak ediblər. Sonda Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

***

Lerik rayon Mərkəzi Kitabxanası oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə fəal oxucularla birgə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirin məqsədi şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar haqqında maarifləndirmək və onların arasında sağlam həyat tərzini təbliğ etməkdir. Çıxışlarda gənclərə narkomaniyanın zərərlərindən bəhs edilib, mübarizə yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Ağdaş Tarix-Diyarşünaslıq Muzeyi və Ağdaş Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib. Çıxış edənlər narkomaniyaya qarşı mübarizənin hər bir şəxsin əsas məqsəd və vəzifəsi olduğunu bildiriblər. Tədbirin sonunda qalereyanın fəal üzvlərinin əsərlərindən ibarət sərgiyə baxış olub, gənc rəssamlara sertifikatlar təqdim edilib.

***

Cəlilabad rayon Günəşli kənd Mədəniyyət evinin əməkdaşları Anım Günü (27 sentyabr) münasibətilə Birinci Qarabağ müharibəsi şəhidi Əfilağa Həsənovun (1957-1992) məzarını ziyarət ediblər. Məzarın önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

***

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, “Heydər Əliyev və Naxçıvan” mövzusunda tədbir keçirilib. Tədbirdə Zərifə Əliyeva adına 7 sayılı məktəbin şagirdləri və müəllimləri iştirak ediblər. Tədbirin sonunda “Naxçıvan dünyanın naxışı” filmi nümayiş olunub.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə narkomaniyanın fəsadlarına həsr olunan  maarifləndirici tədbir keçirilib. Tədbirdə iştirak edən polis əməkdaşı narkotik vasitələrin insan sağlamlığı üçün yaratdığı fəsadlardan danışıb, bəşəri bəla ilə mübarizə üsulları barədə ətraflı məlumat verib. Sonra mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb.

Hazırladı: N.Məmmədli