Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu arasında əməkdaşlıq əlaqələrinin və təcrübə mübadiləsinin aparılması məqsədilə görüş keçirilib.

Şəmkir qoruğunda təşkil olunan tədbirdə hər iki qoruğun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Qonaqlara “Qədim Şəmkir Şəhəri” qoruğu haqqında ətraflı məlumat verən direktor Nurlan Həsənov görüşün əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, qoruqlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində təcrübə mübadiləsi perspektiv istiqamətlər üçün geniş imkanlar açır.

Qəbələ qoruğunun direktoru Zahir Kərimov da öz növbəsində şəmkirli həmkarlara qoruğun fəaliyyətindən, ölkədə yeganə olan Qəbələ Arxeoloji Mərkəzinin əhəmiyyətindən, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının qoruğa göstərdiyi diqqət və qayğıdan söz açıb.

Görüşdə hər iki qoruğun ərazisində olan tarixi abidələrin vəziyyəti, bərpa və konservasiyası, təbliğat və təşviqat işləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar “Qədim Şəmkir Şəhəri” yerini ziyarət ediblər. Arxeoloji ekspedisiyanın rəhbəri tarix elmləri doktoru Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru Rəşid Bəşirov qonaqlara dövri olaraq burada aparılan qazıntılar və əldə olunmuş maddi mədəniyyət nümunələri barədə məlumat verib, qoruq işçilərinin suallarını cavablandırıblar.