Sentyabrın 5-də Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən “Azərbaycan müəllimi”nin baş redaktoru Sarvan İbrahimov qəzetin Azərbaycan mətbuatının inkişafındakı tarixi rolundan bəhs edib. O qeyd edib ki, ölkəmizin təhsil salnaməsini yaradan “Azərbaycan müəllimi” 1934-cü il sentyabrın 2-dən “Kommunist maarifi” adı ilə nəşr olunmağa başlayıb. Sonrakı dövrlərdə “Müəllim qəzeti” adı ilə çap olunub. Qəzetin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət etmək olub. Qəzetin nəşrində başlıca məqsəd ölkədə maarif işlərinin həyata keçirilməsinə dəstək göstərmək, tədris sahəsində qazanılmış ilk təcrübə və uğurları geniş təbliğ etmək, təhsillə bağlı qarşıda duran vəzifələri gündəmə gətirmək və onların reallaşdırılmasına nail olmaq idi. Fəaliyyətinin ilk illərindən ölkənin təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran “Azərbaycan müəllimi”nin təkcə respublikamızda deyil, keçmiş ittifaq respublikalarında, hətta xarici ölkələrdə belə oxucuları olub. Qəzetdə dərc olunan məqalələr özünün publisistik dəyəri ilə seçilib, o, cəmiyyətimiz üçün bir sıra aktual məsələləri daim diqqətdə saxlayıb. Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında “Azərbaycan müəllimi” qəzetinin rolu əvəzsizdir.
Sonra qəzetin 90 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.
Yubiley tədbirində “Azərbaycan müəllimi” qəzetinin saytının yenilənmiş variantı təqdim edilib. Saytın yenilənmiş variantı yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.
Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, qəzet fəaliyyətinin ilk illərindən ölkənin elm və təhsil sahəsində baş verən yenilikləri, qabaqcıl dünya təcrübəsini oxuculara çatdıran mühüm yayım orqanı kimi kifayət qədər nüfuza malik olub.
Nazir deyib: “Ölkəmizin təhsil sisteminin siması olan müəllimlərimizin adını brendləşdirən qəzet hazırda da elm və təhsil sahəsində aparılan islahatların təbliğində əvəzsiz rol oynayır. Təhsil sahəsində dəyərli məzmun yaratmaq hər zaman əsas çağırışlardan olub.
Gənc nəsillərin, eləcə də təhsilin formalaşması ilə bağlı cəmiyyətdə bir çox məqamların geniş müzakirəsinə və debatlara ehtiyac var. Çünki fikirlər nə qədər çox və müxtəlif olsa, müzakirə zamanı həqiqətə daha da yaxınlaşmaq olar”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında “Azərbaycan müəllimi” qəzetinin keçdiyi şərəfli yolu milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyi kimi dəyərləndirib. Əhməd İsmayılov çıxışında, həmçinin müstəqillik illərində Azərbaycan mətbuatına yaradılan imkanlardan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi kimi tarixi əhəmiyyətli qərarından sonra medianın inkişafı üçün əlverişli şərait yaradıb: “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm kimi prinsiplər mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasını təşkil edir.
Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəmiyyətin həyatında medianın rolunu yüksək qiymətləndirərək müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib”.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, bu qəzet böyük bir epoxanın, dövrün, pedaqoji təhsil həyatımızın salnaməsidir. “Azərbaycan müəllimi” qəzetinin təhsilimizin ən müxtəlif sahələrinin işıqlandırılmasında özünəməxsus rolu var: “Təhsilin geniş bir sahə olduğunu və hər bir ailənin təhsillə bağlılığını nəzərə alsaq “Azərbaycan müəllimi” qəzetinin önəmini xüsusi qeyd etmək lazımdır. Qəzet təhsilin ən müxtəlif sahələrini əhatə etməklə yanaşı, eyni zamanda, müəllimlərə yol göstərməkdə, praktik kömək etməkdədir”.
Digər çıxış edənlər qəzetin missiyasına sadiq qalaraq həm elm və təhsil sahəsində, həm də ictimai həyatda baş vermiş önəmli hadisələri işıqlandırdığını vurğulayıblar.
Tədbirdə “Azərbaycan müəllimi”nin yeni loqosu təqdim olunub.
Daha sonra rebrendinq müsabiqəsinin qalibi mükafatlandırılıb, qəzetin əməkdaşları təltif edilib.