“Azərbaycan müəllimi” qəzetinin zəngin təcrübəsindən çıxış edərək deyə bilərik ki, dünyəvi məktəb və ana dilində mətbuat uğrunda mübarizə daim milli jurnalistikamızın diqqətdə saxladığı əsas mövzulardan olub.
Bunu Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubiley tədbirində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib.
“Azərbaycan jurnalistikası yarandığı vaxtdan həmişə pedaqoji fikir tariximizlə daimi harmoniya şəraitində mövcud olub. Milli mətbuatımızın bünövrəsini təşkil edən “Əkinçi” qəzetinin bütün nömrələri onun yaradıcısı Bakı Realnı Məktəbinin müəllimi Həsən bəy Zərdabinin şəxsi imkanları və tələbələrinin birgə səyi ilə nəşr olunub.
“İrşad”, “Tərəqqi”, “Azərbaycan” kimi qəzetlərə baş redaktorluq etmiş dahi Üzeyir bəy Hacıbəyli ilk növbədə ixtisasca müəllim olmuşdur və həyatı boyu müəllim adını uca tutub. Üzeyir bəyin zəngin pedaqoji irsi və müəllimlik peşəsi ilə bağlı fikirləri Azərbaycan məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindən biri kimi bu gün də böyük hörmət və ehtiramla yad edilir.
“Azərbaycan müəllimi” qəzetinin yaratdığı 90 illik zəngin salnaməyə nəzər saldıqda, Firidun bəy Köçərlinin, Məhəmməd ağa Şaxtaxtlının, Teymur bəy Bayraməlibəyovun, Məhəmməd Tağı Sidqinin, Hənifə xanım Məlikovanın, Badisəba xanım Köçərlinin və digər fədakar maarifçilərin müasir məktəb və mədəni tərəqqi uğrunda apardıqları mübarizənin izlərini görə bilərik”, - deyə Əhməd İsmayılov qeyd edib.