Dünya turu


Şərqi Avropada, qitənin ən mühüm kommunikasiya arteriyalarının kəsişməsində yerləşən Belarus əsrarəngiz təbiət mənzərələri, tarixi yerləri, istirahət məkanları ilə bir çox ölkələrdən turistləri cəlb edir. Qonaqpərvərliyi ilə seçilən ölkədə müasir hava, avtomobil və dəmiryolu nəqliyyatı şəbəkəsi turizmin inkişafına zəmin yaradır. Biz də bu yazıda “vikinqlərdən yunanlara qədər” yolların keçdiyi bu torpaqlara qısa səyahət etmək istərdik.

Burada hər kəsin könlünə uyğun istirahət imkanı, məşğuliyyət tapmaq olar. Məsələn, romantik insanlar Belarus təbiətindən, onun memarlıq incilərindən, çay və göllərin sirli gözəlliklərindən saatlarla zövq ala bilərlər. Turist xanımlar, əlbəttə ki, Belarusun dadlı milli mətbəx reseptlərini də yazmaq istəyəcəklər. Balaca səyahətçilər isə ilin hətta ən isti vaxtlarında da fəaliyyət göstərən Şaxta babanın iqamətgahına getməyə can atacaqlar. Burada zebrləri yemləmək, vəhşi heyvanları qəfəsdə deyil, azadlıqda görmək mümkündür. Kişilərə gəlincə, kim yaxşı balıq ovundan və ya ümumiyyətlə, ovdan imtina edər?
Belarus həm də yaşıllıq turizmi üçün uyğun məkandır. Milli parklar, qoruqlar, landşaft və bioloji ehtiyatlar... Təbiət bütün bunları Belarus torpaqlarına sanki böyük səxavətlə bəxş edib. Ölkənin hansı hissəsinə dincəlməyə yollanmaq istəsəniz, sizi hər yerdə təkrarolunmaz mənzərələr gözləyir: keçilməz meşələr, ağcaqayın ağacları, çəmənliklər, mənzərəli dağlar, yüzlərlə göl və çaylar. Belarusun altı vilayətinin hər biri tarixi və mədəni abidələrlə zəngindir, qonaqları cəlb etmək üçün özünəməxsusluğu var. Burada hər kəs qonaqpərvərliyin nə olduğunu bilir və bu ənənələrlə yaşayır.

Qəsrlər, qalalar və qüllələr

Belarus qəsrlər ölkəsidir. Bu ölkənin tarixi yaddaşına bir çox döyüşlərin salnaməsi həkk olunub. Axı böyük ticarət yolları bu torpaqlardan keçib və bu ərazilər qonşular üçün “yağlı tikə” olub. Şübhəsiz ki, bütün bunlar müdafiə tipli obyektlərin meydana gəlməsini zəruri edirdi. Qədim dövrlərdə ənənəvi slavyan müdafiə tikililəri - qalalar meydana gəlib. Artıq XIII əsrdə daşdan tikilmiş qala və qəsrlər meydana gəlib ki, bu nümunələrə Belarusun qərb sərhədlərində rast gəlmək olar. Daş qalaların kütləvi inşası XIV - XV əsrlərə təsadüf edir və məhz bu dövrdə Novoqrudka, Lide, Qrodno və digər qala-şəhərlər meydana gəldi. İntibah dövründə isə qalalar təkcə müdafiə tipli obyektlər deyil, həm də mülkiyyətçinin iqamətgahına çevrildi. Mir qalası, Nesvij qala-saray kompleksi hələ də intibah dövrünün ruhunu saxlayır. XIX əsrin əvvəllərində alınmaz qalalar - Brest və Bobur qalaları inşa olunub. Hətta yüz il sonra, Böyük Vətən müharibəsinin ilk günlərində Brest qalası bir ay Hitler ordusunun hücumlarına davam gətirdi. Əlbəttə, mavigözlü Belarusun tarixində dərin izləri olan, müdafiə memarlığının bu mirvarilərini, yəqin ki, hər kəs görmək istəyər.
Onu da qeyd edək ki, Belarus həm də, Qərb və Şərq mədəniyyətinin kəsişdiyi məkandır. Burada polyak şlyaxtaları, rus dvoryanları, yerli zadəgan nəsilləri yaşayıb. Günümüzə qədər qorunub-saxlanılan saraylar və mülklər: Sapeqov, Rumyantsev, Pastkeviç, Çapcki, Tizenqauza bu nəsillərə aiddir. Əlbəttə, tarixin yadigarı olan bu tikililər də turistləri ən çox özünə cəlb edən məkanlardandır.
Siz bu ölkədə yüzlərlə heyrətamiz tarixi abidə görəcək, həm də belarusların hədsiz qonaqpərvərliklərindən təəccüblənəcəksiniz. Hazırda ölkə ərazisindəki 5 abidə, tarixi məkan və irs nümunəsi UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarına daxildir: Nesvij və Mir qalaları, Belovejskaya puşa qoruğu, “Struve qövsü”, ölkənin əyləncəli karnaval mərasimi olan “Kolyad çarları” zəngin təəssüratlar əldə etmək üçün yəqin hər bir turistə maraqlı olar.

Muzeylər və teatrlar

Belarusun tarixi həm də turistlərə onun mədəniyyəti, mentaliteti, məişəti ilə tanışlıq imkanı verir. Sizləri xarici və yerli sənətkarların yaradıcılıq nümunələri muzeylərin sərgi salonlarında gözləyir. Bundan başqa, ölkənin muzey fondlarında arxeoloji tapıntıların kolleksiyası da qorunur ki, bu da sizlər üçün maraqlıdır. Belarusda tarix, etnoqrafik, bədii, təbiət və qoruq-muzeyləri fəaliyyət göstərir. Teatrlara gəlincə, bu, Belarusda incəsənətin ən qədim və geniş yayılmış formasıdır. Yanki Kupali adına Milli Akademik Teatrı, Milli Akademik Opera və Balet Böyük Teatrı, Maksim Qorki adına Milli Akademik Dram Teatrı, Dövlət Kukla teatrlarının səhnələrində göstərilən tamaşalar sakinlərdə və qonaqlarda xüsusi maraq yaradır. Bu teatrları repertuarları öz janrına müxtəlifliyinə görə fərqləməklə yanaşı, tamaşaları milli tematikaya görə aparıcı yer tutur.

Milli parklar və qoruqlar

Unikal müalicəvi mineral sulara və müalicəvi palçıqlara malik olan Belarus təbiətin ona verdiyi bu zənginliklərlə daim turistləri cəlb edir. Ölkə ərazisinin üçdəbiri meşələrdir. Bol oksigen “istehsal edən” Belarusun bataqlıqları Avropanın “ağciyəri” hesab olunur. Təkrarolunmaz gözəllikləri olan milli parklar isə Belarusun fəxridir. Bu parkların ərazisində 70 növdə heyvan və 300 növə yaxın quş var ki, onlardan bəziləri nadir növlərdir. Avtomobillə və ya piyada səyahət, qayıq və ya təyyarə ilə cazibədar səyahət sizə rəngarəng bitki və heyvanat aləmi ilə tanışlıq imkanı verəcək. Ekoloji yollarla səyahət etməklə isə ekoloji və bioloji təbiət kompleksləri haqqında daha çox məlumat əldə edə biləcəksiniz.

Aktiv turizm

Belarus həm də aktiv turizmi ilə populyardır. Bu isə sağlamlığa aparan ən sadə yoldur. Ölkənin görməli yerlərinə velosiped və ya atla yollanmaq olar. Suda aktiv turizmə üstünlük verənlər üçün isə baydarka və ya qayıqlarda Belarusun gözəl çaylarında üzmək maraqlı olacaq. Ekstermal hava turizminə üstünlük verən adrenalin həvəskarları isə təyyarədən paraşütlə tullana bilərlər. Aktiv turizmin ən geniş yayılmış və əlverişli forması piyada səyahətdir. Belarusun qoruq və milli parklarında xüsusi turist marşrutları var. Bu yollarda xüsusi kətillər quraşdırılıb ki, bu da turistlərin bataqlıq və meşələrin toxunulmazlığını pozmamağa hesablanıb. Doğrudur, piyada səyahət turizmi fiziki baxımdan ağır olsa da, insana gözəl emosiya verir, təbiətə yaxınlaşdırır. Hazırda ölkədə atçılıq turizmi də inkişaf etdirilir.
Məhz təbiətlə baş-başa qalmaqla biz sadəcə özümüz ola bilərik. Əsas istirahət sizin əhval-ruhiyyəniz, emosiyanızdır ki, bu torpaqlarda istirahət etməklə Belarusdan evinizə gözəl əhvalla qayıdacaqsınız.

Mehparə