Rusiyanın paytaxtında ənənəvi kitab bayramı – 37-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 4-də işə başlayıb. Bu il yarmarkaya müxtəlif ölkələrdən 300-ə yaxın nəşriyyat və kitab sənayesi ilə bağlı digər qurumlar qatılıb. Fəxri qonaq ölkə Belarus Respublikasıdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz də Moskva Beynəlxalq Kitab Yarmarkasında təmsil olunur.
Sərgidə Mədəniyyət Nazirliyinin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər.
Nazirliyin nümayəndə heyəti açılış günündə bir sıra tədbirlərə qatılıb. Milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına geniş məlumat verilir.
37-ci Moskva Beynəlxalq Kitab Yarmarkası çərçivəsində ənənəvi olaraq MDB-nin “Kitab sənəti” müsabiqəsinin mükafatları da təqdim olunacaq. Qalib nəşrlər arasında yazıçı Solmaz Amanovanın müəllifi olduğu kitab da var.
Xatırladaq ki, müsabiqəyə Azərbaycandan 9 adda kitab təqdim olunub. Ölkəmizin nəşrləri 4 nominasiya üzrə I, 2 nominasiya üzrə II, 3 nominasiya üzrə III yerlərə layiq görülüb.
300-dən çox tədbirin keçirilməsinin nəzərdə tutulduğu 37-ci Moskva Beynəlxalq Kitab Yarmarkası sentyabrın 8-də başa çatacaq.