Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən Ermitaj Mükafatının laureatı olub.
Bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova jurnalistlərə açıqlamasında deyib.
O diqqətə çatdırıb ki, Ermitaj Mükafatı bu il ikinci dəfə veriləcək: “Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır. Bu, adıçəkilən insanların həm Rusiya, həm də dünya mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulamağa imkan verən çox əlamətdar mükafatdır”.
Mükafatlandırma mərasimi sentyabrın 14-də Sankt-Peterburqda, Dövlət Ermitaj Muzeyində keçiriləcək.
Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. Mükafat Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.