Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Tədbirin iştirakçılarını salamlayan moderator dedi:
-Hər kəsi bu mötəbər forumda salamlayıram. Prezident Mattarella çıxışında Avropanın rolu və onun qlobal kontekstdə əhəmiyyətindən danışdı. İcazənizlə, bizim hörmətli ilk çıxışçımıza söz verim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəsinin bu ssenariyə uyğun olaraq hansı mövqedə olduğu barədə danışacaq. Zati-aliləri, söz Sizindir.
Dövlətimizin başçısı sessiyada çıxış etdi.
çıxışı
– Hörmətli xanımlar və cənablar.
Əvvəlcə dəvətə görə təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm. Mən ikinci dəfədir ki, Çernobbio Forumunda iştirak edirəm və iki il əvvəl buradakı iştirakımla bağlı xoş təəssüratlarım var. Bir daha dəvətə görə təşəkkür edirəm.
Mən buraya Romadan gəldim. Dünən mənim Prezident Mattarella ilə görüşüm oldu. O, bu səhər burada da gözəl nitqlə çıxış etdi. Dünən, həmçinin mənim Baş nazir Meloni ilə də görüşüm oldu. Görüşlər və müzakirələr zamanı biz bir daha ikitərəfli münasibətlərimizin strateji xarakterini təsdiq etdik. Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmaslarımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir.
Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.
Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.
Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
Bizim ikitərəfli əlaqələrimiz əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Luiss, Sapienza, Bolonya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf-müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
Mən giriş sözümü ikitərəfli münasibətlərimizin əhəmiyyətinin vurğulanması ilə başladım. Çünki bu onun göstəricisidir ki, münasibətlər qarşılıqlı etimad və hörmət, qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulursa, o zaman tərəqqinin şahidi oluruq. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir.
Geosiyasi vəziyyətə gəldikdə, - bir halda ki, mənim çıxışım “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusuna həsr edilib, - əvvəlcə qeyd etmək istəyirəm ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var.
Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır.
O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.
Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır.
Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır.
Burada giriş sözümdə qeyd etmək istədiyim sonuncu məqam ondan ibarətdir ki, iki aydan sonra biz ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-ə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək.
Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.
Bununla yanaşı, onu da vurğulamaq istərdim ki, bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır, – 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik.
Bunlar mənim giriş sözümdə toxunmaq istədiyim mövzular idi. Bir daha bu auditoriya qarşısında çıxış etmək imkanına görə təşəkkürümü bildirirəm.
Moderator: Siz körpülərin qurulması haqqında danışdınız. Rusiya-Ukrayna münaqişəsinə son qoyulması kontekstində müzakirələrdə ölkənizi necə görürsünüz? Hər hansı rolunuz və ya təklifləriniz ola bilərmi? Çünki hazırda bir sıra təkliflər və platformalar mövcuddur.
Prezident İlham Əliyev: Nəzəri cəhətdən bu mümkündür. Çünki Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik.
Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik. Biz heç vaxt bunun təşəbbüskarı olmamışıq, çünki bu işdə yaxından iştirak etmək istəyənlər kifayət qədərdir. Ancaq bizim iştirakımıza zərurət yaranarsa, buna hazırıq.
Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır.
Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik.
Moderator: Yəni, burada müəyyən imkanlar var?
Prezident İlham Əliyev: Bəli, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır.
Moderator: Prezident Əliyev, bizimlə birlikdə olduğunuza görə Sizə təşəkkür edirəm. Ancaq Sizə bu sualı mütləq verməliyəm. Bu günlərdə ölkəniz Avropa Şurasının Parlament Assambleyasının bir sıra üzvlərini arzuolunmaz şəxs elan edib. Onların sırasında 5 italyan deputat da var. Bu, körpülərin qurulması, diplomatiyanın əhəmiyyəti və təmasların genişləndirilməsi ruhuna bir qədər ziddir.
Prezident İlham Əliyev: Bu suala görə təşəkkür edirəm, çünki bu məsələ ilə bağlı müəyyən anlaşılmazlıq var. Bu suala ətraflı cavab vermək üçün mən 20 il keçmişə qayıtmaq istəyirəm. Azərbaycan o zaman, 2001-ci ildə Avropa Şurasına üzv olub. O zaman parlamentin üzvü idim və Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndə heyətinin ilk rəhbəri idim. Yəni, biz 2001-ci ildən etibarən orada idik. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik və sair.
Lakin bu ilin yanvar ayında baş vermiş hadisə qırmızı xəttin keçilməsi olub. Bu, nədən baş verdi? Giriş sözümdə qeyd etdiyim kimi, ötən il suverenliyimizi tam şəkildə bərpa etdik. Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik. Ukrayna bu gün Qərbin çox geniş dəstəyinə rəğmən uğursuz şəkildə ərazi bütövlüyünü bərpa etməyə çalışır. Biz özümüz isə heç bir dəstək olmadan ərazi bütövlüyümüzü bərpa etdik.
Bundan sadəcə bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq.
Buna səs verənlər bizi Avropa Şurasında görmək istəməyənlərdir. Yəni, Azərbaycanın qərarı adekvat idi. Bizim qərarımız buna cavab idi. Onlar tərəfindən qərarın dəyişdiriləcəyi və bizim hüquqlarımızı bərpa etdikləri təqdirdə, gələn ilin yanvar ayında belə bir fürsət olacaqdır, bizim tətbiq etdiyimiz qadağa aradan qaldırılacaq. Mən təəssüf edirəm ki, İtaliya parlamentinin üzvləri bu qərarın lehinə səs veriblər. Səmimi desəm mən 70-dən artıq şəxsdən ibarət bu siyahıda olanların adlarını bilmirəm. Ancaq vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir və o zaman bu qadağa aradan qaldırılacaq.
Moderator: Cavabınıza görə təşəkkür edirəm. İstənilən halda körpülərin qurulması qarşılıqlı tədbirlərin tətbiqindən daha münasib yoldur. Prezident Əliyev, bizimlə birlikdə olduğunuza görə bir daha təşəkkür edirəm.