Mayın 13-də «Abşeron Marriott» hotelində Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Türkiyə Turizm Şirkətləri Assosiasiyasının (TURSAB) birgə təşkilatçılığı ilə iki ölkənin turizm şirkətlərinin nümayəndələri arasında görüş keçirildi.
TURSAB-ın baş katibi Çetin Gürcün bildirdi ki, 1972-ci ildə yaradılan qurum müxtəlif ölkələrdə fəaliyyət göstərən oxşar təşkilatlarla əməkdaşlıq edir. Azərbaycana səfərin məqsədi də bu yöndə əlaqələr qurmaqdır: “Səfərimizin məqsədi Azərbaycandan Türkiyəyə turist aparmaq yox, əksinə, Türkiyədən Azərbaycana turist gətirməkdir. Azərbaycandan il ərzində 600 minə yaxın turist Türkiyəyə səfər edir. Amma Türkiyədən buraya gələnlər azdır. Hesab edirəm ki, bu, bizim nöqsanımızdır. Ona görə də Türkiyənin müxtəlif bölgələrindən 21 turizm şirkətinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə buraya gəlmişik. İstəyirik onlar Azərbaycanın turizm potensialı ilə yaxından tanış olsunlar, həmkarları ilə əlaqələr qursunlar. Türkiyəyə döndükdən sonra tur proqramları hazırlayacaq və vətəndaşlarımıza təqdim edəcəyik”.
Çetin Gürcün qeyd etdi ki, bundan sonra Azərbaycana səfərləri davamlı olacaq: «TURSAB-ın 7600 üzvü var. Yaxın vaxtlarda TURSAB-ın xarici ölkələrə tur təşkil edən komissiyasının üzvlərinin səfərini təşkil etmək niyyətimiz var. Bir məqamı da diqqətə çatdırım ki, Azərbaycana tur təşkil edən şirkətlərə təşkilatımız tərəfindən xüsusi dəstək veriləcək».
Onun sözlərinə görə, Türkiyədə turizm fəaliyyəti göstərmək üçün Mədəniyyət və Turizm Nazirliyinin rəsmi icazəsi olmalıdır. Amma bu icazəni almağın birinci şərti TURSAB-a üzv olmaqdır: «TURSAB-ın üzvü olmayan şirkət fəaliyyət üçün sertifikat ala bilmir. Bu qayda «Turizm haqqında» qanunla tənzimlənir. Bu halda biz bütün turizm şirkətlərinin fəaliyyətinə nəzarət edə bilirik. Beləliklə, turizm keyfiyyət və kəmiyyət baxımından günü-gündən inkişaf edir».
Baş katib bildirdi ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi onlara yaxından dəstək verir: «Nazirlik turizm şirkətləri ilə bağlı bizim rəyimiz olmadan heç bir qərar vermir».
AZTA idarə heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, Türkiyədə turizm TURSAB yarandıqdan sonra inkişaf etməyə başlayıb: “Qurumun fəaliyyəti qanunla tənzimlənir. Burada peşəkar insanlar çalışır. Onlar turizm şirkətlərinin fəaliyyətinə nəzarət edirlər”.
Nahid Bağırov bildirdi ki, Türkiyə azərbaycanlı turistlərin hər zaman maraq göstərdiyi bir istiqamətdir: «İki ölkənin turizm assosiasiyalarının məqsədi qarşılıqlı turizm səfərlərinin yüksək səviyyədə təşkilinə yardım etməkdir. Bu görüşdə iştirak edən Türkiyə şirkətlərinin fəaliyyəti əsasən ölkədən kənarda vətəndaşların istirahətini təmin etməkdən ibarətdir. Onların vasitəsilə türkiyəli turistləri ölkəmizə cəlb etmək niyyətindəyik. Müxtəlif kombinəedilmiş turlar təşkil etməyi nəzərdə tuturuq. Uzaq ölkələrdən Türkiyəyə gələn turistlər adətən bir ölkəni gəzməklə kifayətlənmir, qonşu ölkələrə də səyahət etmək istəyirlər. Ötən əsrin 70-ci illərində amerikalı turistlər üçün çox məşhur bir turpaket təqdim edilirdi. Bu turpaket Yunanıstan və Türkiyəni əhatə edirdi. Bu sistem hələ də davam edir. İndi biz uzaq ölkələrdən gələn turistlər üçün Türkiyə, Azərbaycan və Gürcüstanı da əhatə edə biləcək vahid bir turpaket hazırlamaq niyyətindəyik».
Qeyd edək ki, Türkiyə turizm şirkətləri nümayəndələrinin Azərbaycana səfəri mayın 15-də yekunlaşacaq.
Fəxriyyə Abdullayeva