Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir. Xətai rayon Heydər Əliyev parkında layihə çərçivəsində daha bir musiqili görüş təşkil olunub.
Bu dəfə tanınmış müğənni Tural Qismət və onun "Qismət" qrupu musiqisevərlərin qarşısında çıxış edib.
Əvvəlcə ifaçı və onun yaratdığı musiqi qrupu haqqında məlumat verilib.
Sonra müğənni və qrupu bir-birindən maraqlı, qəlbəyatan musiqi nömrələri səsləndirib. Sənətçinin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Tural Qismət (Tural Məmmədov) 1982-ci ildə Bakıda anadan olub. Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki orta məktəbdə təhsil alıb. Orta təhsillə yanaşı, musiqi məktəbində də oxuyub, özfəaliyyət dərnəyinin üzvü olub. 1994-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunub. Burada görkəmli xanəndə, bəstəkar, Xalq artisti Əlibaba Məmmədovun sinfində ifaçılığın sirlərinə yiyələnib. 2000–2004-cü illərdə isə Asəf Zeynallı adına Musiqi Kollecinin Estrada şöbəsində təhsil alıb. 2011-ci ildə yaratdığı “Qismət” musiqi qrupunda fəaliyyətini davam etdirir.