AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin böyük elmi işçisi Aygün Yusubovanın “Əhməd Nədimin poetikası” monoqrafiyası çapdan çıxıb. Kitabın elmi redaktoru professor Mehdi Kazımovdur.

Monoqrafiyada klassik türk şairi Əhməd Nədimin (1681-1730) yaradıcılığı geniş və sistemli şəkildə araşdırılıb. Kitab Osmanlı imperiyasında “Lalə dövrü” (1718-1730) kimi xarakterizə edilən mərhələnin ən tanınmış nümayəndələrindən olan Ə.Nədimin yaradıcılığının Azərbaycanda tədqiqinə həsr olunmuş ilk irihəcmli əsərdir.

Xalq şeiri üslubunda yazdığı əsərləri ilə türk divan ədəbiyyatına yeni nəfəs gətirmiş şairin irsinin araşdırılması onun dövründə türk ədəbi mühiti və bu mühitdə formalaşaraq bütün Şərqdə yayılan ədəbi ənənə və cərəyanların meydana gəlməsi kimi məsələlərin tədqiqi üçün zəngin material verir. Ə.Nədim irsinin tədqiqi həm də şairin müasiri olan ədiblərə münasibəti, onlarla yaradıcılıq əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır.

Monoqrafiyada Ə.Nədimi yetişdirən mühit, yaşadığı dövr, şahidi olduğu mühüm hadisələr, həyatının ən ümdə anları, yaradıcılığı haqqında ümumi məlumat verilir. Daha sonra şeirlərinin dil və üslub xüsusiyyətləri açıqlanır: poetik əsərlərindəki bədii təsvir və ifadə vasitələri, klassik üslubda yazdığı ədəbi nümunələrin mövzu dairəsi, obrazlar sistemi, yaradıcılığının ana qaynaqları, aparıcı ədəbi motivlər geniş şərh edilir.

Əsər təkcə peşəkar ədəbiyyatşünas və dilçilər üçün deyil, klassik türkdilli ədəbiyyatın həvəskarları üçün də maraqlı olacaq.