Milli Kitabxanada Azərbaycan teatrının yorulmaz tədqiqatçısı, teatrşünas, publisist, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illik yubileyi ilə əlaqədar “Professor İlham Rəhimli” adlı geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgidə İlham Rəhimlinin müəllifi olduğu əsərlər, tərcümələri, rəyçi, tərtibçi, ön söz və redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 fəftə davam edəcək.

Professor İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. Müxtəlif sənətkarlara həsr olunan, onların ömür və yaradıcılıq yollarını əks etdirən, müxtəlif Azərbaycan teatrlarının tarixi haqda və s. yüzdən çox sanballı əsərlərin müəllifidir.

İlham Rəhimli Azərbaycan teatrının canlı ensiklopediyasıdır. Onun qələmə aldığı kitablar Azərbaycan teatr tarixini tam əhatə edir. Beş cildlik "Azərbaycan teatr tarixi", üç cildlik "Azərbaycan teatr ensiklopediyası" və digər kitabları teatrımızın müfəssəl tədqiqatıdır.

O, 1989-cu ildən “Əməkdar incəsənət xadimi” fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Həmçinin 2021-ci il martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub.