Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının “Tarın Əkrəm zirvəsi” adlı kitabı işıq üzü görüb. Kitab tanınmış tarzən, pedaqoq, ictimai xadim, musiqi əsərlərinin müəllifi, tədqiqatçı, Əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin anadan olmasının 80 illiyinə həsr edilib.

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi kitabxanasında yeni nəşrin təqdimatı keçirilib.

NDU-nun tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbiri açaraq Əkrəm Məmmədlinin həyata və yaradıcılığı haqqında məlumat verib. Kitab haqqında danışan prorektor deyib ki, yeni nəşr musiqişünaslar üçün qiymətli mənbədir.

NDU-nun İncəsənət fakültəsinin dekanı dosent Cavid İsmayılov diqqətə çatdırıb ki, kitabda istedadlı sənətkarın yaradıcılığı geniş təhlil olunub.

Şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimli, NDU nəzdində Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva başqaları yubilyar sənətkarın yaradıcılığından bəhs edib, kitabı yüksək qiymətləndiriblər.

Əkrəm Məmmədli nəşrin müəllifinə, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Sonda tədbirə onlayn qoşulan müəllif Səadət Təhmirazqızı yubilyar sənətkara xoş diləklərini çatdırıb.