Tanınmış jurnalist Hidayət Elvüsal 8 sentyabr 2024-cü il tarixində, 75 yaşında vəfat edib.

Hidayət Yunis oğlu Əhmədov (Hidayət Elvüsal) 1949-cu il 25 iyununda Kəlbəcər rayonunda anadan olub. Bakı Dövlət Universiteti Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib.

Rayonda nəşr olunan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, həmçinin Azərbaycan Radiosu ilə əməkdaşlıq edib.

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist” və başqa qəzetlərdə işləyib. Ötən əsrin 90-cı illərinin əvvəllərində nəşr edilən “Səhər” qəzetinin təsisçilərindən biri olub. Hidayət Elvüsalın, xüsusilə, “Belə-belə işlər” rubrikası ilə dərc olunan yazıları maraqla qarşılanıb. O, sonralar eyniadlı qəzet də təsis edib.

Tanınmış şair Şücaətin qardaşı olan Hidayət Elvüsal özü də şeirlər qələmə alıb, həvəskar bəstəkar kimi fəaliyyət göstərib. 2019-cu ildə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəstəyi ilə onun “Kəlbəcər” adlı mahnılar toplusu işıq üzü görüb.

İyunun 27-də Azərbaycan Mətbuat Şurasında veteran jurnalistin 75 illik yubileyi qeyd olunmuşdu.

Allah rəhmət eləsin.