Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır.
Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına müraciətində yer alıb.
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu sentyabrın 9-da Bakıda, “Gülüstan” sarayında işə başlayıb.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu bir zamanda Forumun təşkilinin rəmzi məna kəsb etdiyini xüsusi vurğulayan dövlətimizin başçısı, həmçinin bildirib: “Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür.
Forumun dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, onların elm və təhsil ocaqlarımızla əlaqələrinin dərinləşməsi, qazanılan müştərək nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından son dərəcə səmərəli olacağına əminəm.
İnanıram ki, Forum Azərbaycanda elmin dayanıqlı və innovativ inkişafı naminə ətraflı fikir mübadiləsi və dolğun müzakirələr şəraitində keçəcək, işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək”.