Əməkdar rəssam Mehriban Əfəndi ABŞ-də keçirilən beynəlxalq sərgidə növbəti dəfə ölkəmizi təmsil edir. O, müxtəlif ölkələrdən 17 sürrealist rəssam arasından seçilərək Vaşinqtondakı “Shotgun Studio” incəsənət qalereyasında təşkil olunan sərgiyə qatılıb.

“Beynəlxalq sürrealizm bu gün” layihəsi çərçivəsində keçirilən sərgidə azərbaycanlı rəssamın “Yaz təranələri” əsəri nümayiş olunur. Xatırladaq ki, rəssam 2015-ci ildə də eyniadlı əsəri ilə ABŞ-də sürrealizm sərgisində iştirak etmişdi.

Sentyabrın 6-dan oktyabrın 10-dək davam edəcək sərginin baş kuratorları amerikalı rəssam Roch Fautch və Portuqaliyadan rəssam Santiaqo Ribeirodur. Sərgidə heykəl, instalyasiya və müasir sürreal sənət nümunələri ilə yanaşı, yaradıcı performanslar, şou-proqramlar təqdim olunur.

Qeyd edək ki, Mehriban Əfəndi ilk dəfə “Beynəlxalq sürrealizm bu gün” hərəkatına 2010-cu ildə portuqaliyalı rəssam Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb. Rəssamın əsərləri Portuqaliya, ABŞ, Hollandiya, Bolqarıstan, Slovakiya, İngiltərə, Monteneqro və digər ölkələrdə nümayiş etdirilib.