Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası, Türk Dil Qurumu və Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin dəstəyi ilə Türk dünyasının gənc alimləri üçün “Türkologiya” və “Yeni enerji texnologiyaları” mövzularında yay məktəbləri keçirilib. Yay məktəblərinə mühazirəçi qismində türk ölkələrindən 30-dan çox tanınmış alim qatılıb.
“Türkologiya” yay məktəbində AMEA Folklor İnstitutu Müasir folklor şöbəsinin müdiri professor Füzuli Bayat Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan və Monqolustandan olan gənc alim və tədqiqatçılara “Qədim türk mifologiyası” mövzusunda mühazirə oxuyub.
Folklor İnstitutundan bildirilib ki, mühazirədə türk mifologiyasında dünya modeli, dünyanın üçlü strukturu, Tanrı-ruhlar, Tanrı-insan münasibətləri və s. məsələlərdən bəhs olunub.
Yay məktəbi çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirmək imkanı əldə ediblər.