Bu gün tanınmış teatrşünas, pedaqoq, ictimai xadim, sənətşünaslıq elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilovun anadan olmasının 75 illiyi tamam olur.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasında kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtib və redaktə etdiyi kitablar Azərbaycan və rus dillərində ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışmış İsrafil İsrafilov hazırda  TÜRKSOY-a Üzv Ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının sədri, Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının rəhbəridir.

Alim "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", "Zaman. Rejissor. Poetika", "Ədil İsgəndərovun teatrı", "Mehdi Məmmədovun rejissor sənəti", "Sən nə üçün yaşayırsan?" (rus dilində) adlı monoqrafiyaların müəllifidir. "Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi-tədqiqat əsəri kimi qəbul edilir.

Ayrı-ayrı illərdə "Qızıl qələm", "Qızıl dərviş", "Humay" mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb. Elmi-tədqiqat işləri ilə yanaşı, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.