“Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir”

Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoru da dinamik inkişaf edir. Dövlətin bu sahəyə diqqət və qayğısı paytaxtla yanaşı bölgələrdə də mühüm layihələrin icrasına, ən müasir dünya standartlarına cavab verən turizm obyektlərinin, hotel və istirahət mərkəzlərinin inşasına zəmin yaradır. Mayın 14-də açılışı keçirilən “Şamaxı Palace Platinum By Rixos” beşulduzlu hoteli də buna nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İnşası 2011-ci ildə başlanan hotel təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. “Rixos” hotellər şəbəkəsi idarə heyətinin sədri Fəttah Tamincə Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Bildirilib ki, 43 min 370 kvadratmetr ərazidə inşa olunan hoteldə yüksək keyfiyyətli müxtəlif xidmətlər göstəriləcək. Hotel avanqard və klassik arxitektura elementlərinin sintezi əsasında, maraqlı memarlıq üslubunda inşa edilib.
Xidməti heyət yüksək hazırlıq kursu keçib və əksəriyyətini yerli kadrlar təşkil edir. Hotel kompleksində 200 nəfərlik konfrans zalı, müasir restoranlar fəaliyyət göstərir. Qonaqların vaxtlarını səmərəli keçirmələri üçün bilyard və boulinq zalları da var. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların ixtiyarındadır. Uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb.
Hotelin ərazisində tamaşaların və müxtəlif əyləncə proqramlarının təşkil olunması üçün 200 tamaşaçı yerlik amfiteatr yaradılıb. Ərazidəki tennis, futbol, basketbol, voleybol, mini qolf meydançalarında hər cür şərait var. Hotelin təqdim etdiyi xidmətlərə təbiət qoynuna gəzintilərin təşkil olunması, idmanın dağ velosipedi növü üzrə xidmətlərin göstərilməsi də daxildir.
Hotelin kollektivini açılış münasibətilə təbrik edən Prezident İlham Əliyev kompleksin xarici görünüşünün, daxili dizaynının, rahatlığının ən yüksək səviyyədə olduğunu vurğulayıb. Qeyd olunub ki, “Rixos” kimi dünya miqyaslı şirkət Azərbaycanda artıq üçüncü hoteli idarə edir. Bundan əvvəl Qubada və Naftalan şəhərində “Rixos” hoteli fəaliyyətə başlayıb: “Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir. Azərbaycan inkişaf edir. Hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni hotellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli - həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik”.

Yeni beşulduzlu hotellər tikilir

Son 2-3 ildə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açıldığını qeyd edən dövlət başçısı bu işlərin davam etdiyini deyib: “Four Seasons”, “Fairmont”, “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Sheraton”, “Hyatt”, yəni, dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Biz bunu ancaq dünyanın ən inkişaf etmiş şəhərlərində görə bilərik. Hazırda Bakıda “İnturist” hoteli tikilir. Bu da çox əlamətdar hadisədir. Çünki Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur hoteli “İnturist” idi. Sonra “Yeni İnturist” tikildi, bunun adı oldu “Köhnə İnturist”. Sonra isə əfsuslar olsun ki, o, sökülmüşdür, yerində başqa bina tikilmişdir. Ancaq bakılıların xatirəsində həmişə “İnturist” hoteli yaşayır.
Mən çox şadam ki, hazırda biz bu tarixi bərpa edirik. Yeni hotel təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında böyük hotel tikilir. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı ən azı ona çatacaq”.
Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını diqqətə çatdıran Prezident xarici qonaqlarla görüşündə onlardan Bakı haqqında, Azərbaycan haqqında çox yüksək fikirlər eşitdiyini bildirib: “Məni daha çox sevindirən odur ki, hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında, Şamaxıda artıq ikinci hoteldir. Biri də tikilir. Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilmişdir. Beynəlxalq aeroport və bir neçə beşulduzlu hotel artıq fəaliyyət göstərir. Şəki bizim qədim şəhərimizdir. Orada da hotellər tikilib. Şimal istiqamətində “Rixos” artıq Qubada fəaliyyət göstərir. Böyük qolf meydançası da vardır, burada dünya çempionatları keçirmək mümkündür. “Şahdağ” qış-yay turizm mərkəzində artıq üç hotel açılıbdır - “Şahdağ”, “Pik Palas”, “Zirvə”, dördüncüsü də tikilir. Qəbələ rayonunda da dağ xizək kompleksi açılmışdır. Bu, Azərbaycanda heç vaxt olmamışdır. Yəni, turizm Azərbaycanda hazırda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bunu beynəlxalq qurumlar da qeyd edirlər. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir”.
Prezident vurğulayıb ki, Azərbaycanın əlverişli təbiəti, iqlimi turizmin bir çox növlərinin inkişafına imkan yaradır: “Azərbaycanda tarixən müalicə üçün də yerlər olmuşdur. Onların içində mən Naftalanı qeyd etmək istəyirəm. Orada da “Rixos” hoteli fəaliyyət göstərir və biz Naftalanın keçmiş şöhrətini bərpa edirik. Sovet vaxtında hər il 50-60 min insan Naftalana müalicə üçün gəlirdi. Müstəqilliyin ilk illərində Azərbaycan erməni işğalına məruz qalmış, məcburi köçkün soydaşlarımız o hotellərdə, sanatoriyalarda məskunlaşmışdı. Biz onlar üçün yeni evlər tikdik, qəsəbələr yaratdıq. İndi Naftalanda Azərbaycanın müalicə mərkəzi tikilir. “Çinar”, “Rixos” hotelləri və tikilməkdə olan “Qarabağ” hoteli Naftalanı bir turizm, istirahət, müalicə mərkəzi kimi dünyaya təqdim edəcəkdir.
Yəni, ərazisi o qədər də böyük olmayan ölkədə görün, artıq nə qədər turizm mərkəzləri vardır. Bakı dəniz sahilində istirahət üçün imkanlar yaradır. Qusar, Qəbələ dağ xizəyi, Şamaxı, Naftalan. Biz Qalaaltını da buraya əlavə etməliyik. Çünki sovet vaxtında Qalaaltı da ümumittifaq kurortu idi. Burada müalicəvi su da çox keyfiyyətlidir. İndi orada da çox gözəl, yeni hotel tikilir”.

“Bu, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir”

Bütün bu işlərin uzunmüddətli strategiya əsasında həyata keçirildiyini deyən dövlət başçısı bildirib ki, bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir. Əgər investorların inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar. Həm yerli, həm xarici investorlar turizm, hotel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır.
Bizim məqsədimiz məhz bundan ibarət idi. Çünki Azərbaycanı daha çox neftə, qaza görə tanıyırdılar. Amma mən istəyirəm ki, Azərbaycanı gözəlliyə, rahatlığa görə tanısınlar, turizm mərkəzi kimi tanısınlar. Bütün imkanlar vardır - belə təbiət, gözəl hava, istedadlı insanlar, ölkəmizdə hökm sürən sabitlik, təhlükəsizlik. Sabitlik, gələcəyə inam və düzgün siyasət bu gün Azərbaycanın inkişafını şərtləndirir. Təsadüfi deyildir ki, son on il ərzində dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə Azərbaycandır”.
Prezident hotel kompleksinin kollektivinə uğurlar arzulayıb. Sonra xatirə şəkli çəkdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar