Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günü idi. UNESCO tərəfindən 1967-ci ildən qeyd olunan bu günün məqsədi savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydasına diqqəti cəlb etməkdir.
Bu il Beynəlxalq Savadlılıq Günü “Çoxdilli təhsilin təşviqi: qarşılıqlı anlaşma və sülh üçün savadlılıq” devizi altında qeyd olunub.
UNESCO-nun baş direktoru Odre Azulenin bu gün münasibətilə müraciətində qeyd olunur ki, uşaqlar üçün oxumağı və yazmağı ana dilində öyrənmək daha asandır. Lakin bu gün dünyada insanların 40 faizinin danışdığı və ya başa düşdüyü dildə təhsil almaq imkanı yoxdur. “Afrikada hər 10 uşaqdan 8-i məktəb təhsilinə evdə danışdığı dildən fərqli bir dildə başlayır. Bu gün inkişaf etməkdə olan ölkələrdə on yaşınadək hər dörd uşaqdan üçü sadə mətni oxuyub anlamağı bilmir və dünyada böyüklər arasında 754 milyon nəfər hələ də savadsızdır, onların üçdə ikisi qadınlardır”, – deyə müraciətdə diqqətə çatdırılır.
Sentyabrın 9-da isə BMT-nin təsis etdiyi Təhsilin Hücumlardan Müdafiəsi Beynəlxalq Günü qeyd edilib. Bu günlə də bağlı baş katib Antonio Quterreşin müraciəti yayılıb.
Müraciətdə bildirilir ki, təhsil insan hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təməlidir: “Təhsil vasitəsilə əldə edilən bilik, bacarıq və dəstək ilə gələcək nəsillər böhranlardan xilas olur və dünyanı davamlı gələcəyə doğru aparır. Bu, xüsusilə həssas qruplar, o cümlədən qızlar, miqrantlar, qaçqınlar, əlillər üçün aktualdır. Məktəblər uşaqlar, tələbələr və təhsil işçiləri üçün təhlükəsiz sığınacaq olmalıdır. Bununla belə, çox vaxt şagirdlər və onların təhsil aldıqları məkanlar münaqişədən təsirlənmiş kontekstlərdə ya birbaşa hədəfə, ya da girov obyektinə çevrilirlər”.
Müraciətdə məktəb yaşında uşaqlara qarşı zorakılıqdan ən çox təsirlənən ölkələr kimi Konqo Demokratik Respublikası, Myanma, Somali, Nigeriya və Sudan qeyd olunub.