Tədris sentyabrın 23-də başlayacaq

 

Bu dərs ilindən Azərbaycanda iki yeni ali məktəb – Bakı şəhərində Türkiyə-Azərbaycan Universiteti və Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayır. Hər iki ali məktəbdə tədris dərs ilinin ikinci həftəsindən, sentyabrın 23-dən etibarən başlayacaq.

Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Qarabağ Universitetinə qəbul olan tələbələrin yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq. Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq xarakterində olacaq. Əlavə təqaüdlərlə bağlı tələbələrin qeydiyyatının başa çatmasını gözləyirik.

Emin Əmrullayev Qarabağ Universitetinə qəbul olan tələbələrin 99 faizinin qeydiyyatının başa çatdığını söyləyib: “Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlər veriləcək. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi ilə bağlı təşəbbüs göstəriblər”.