Mayın 15-də Bakı Ekspo Mərkəzində VIII beynəlxalq motor şou («BIMS-2014») və I Xəzər beynəlxalq kater və yaxtalar («CIBS-2014») sərgiləri işə başladı.

Açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Dəniz Administrasiyası rəisinin müavini Ehtiram Rəhimov bildirdi ki, sərginin keçirilməsi Azərbaycanda dənizçilik sənayesinin və dəniz turizminin inkişafına töhfə verəcək. O, sərgilərin keçirildiyi ərazinin dünya avtomobil sənayesi və motorlu su texnikasının son nailiyyətlərinin nümayiş etdirilməsi, təcrübə mübadiləsi aparmaq baxımından əlverişli məkan olduğunu bildirdi: «CIBS-2014» debüt sərgisi motorlu su texnikasının və su hövzələrində fəal istirahət üçün lazım olan məhsulların dünya markalarını bir araya gətirir və beynəlxalq əməkdaşlığa zəmin yaradır. Ölkəmizdə ilk dəfə reallaşdırılan bu sərgi Dövlət Dəniz Administrasiyasının dəstəyi ilə keçirilir».
Sərgi iştirakçılarına Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovun təbrik məktubu oxundu.
«İteca Caspian» şirkətinin icraçı direktorunun müavini Bəhruz Hidayətzadə sərgilər barədə məlumat verərək qeyd etdi ki, «BIMS-2014» şousu Azərbaycan Avtomobil Federasiyasının (AAF), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Dünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı sərginin beynəlxalq statusunu təsdiq edib. Təşkilatçılar qismində «Iteca Caspian» və onun tərəfdaşı «ITE Group Plc» şirkətləri çıxış edirlər. Sərginin sponsoru isə «Toyota» şirkətidir.
Bildirildi ki, «BIMS-2014» sərgisində Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə - ümumilikdə 14 ölkədən 85 şirkət öz məhsullarını təqdim edir. Sərgi sahəsinin 55 faizini yerli şirkətlər tuturlar. «BIMS-2014» sərgisi ilə yanaşı keçirilən Xəzər beynəlxalq kater və yaxtalar («CIBS-2014») sərgisində isə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiyadan yaxta biznesinin aparıcı şirkətləri iştirak edirlər.
Sonra sərgilərin açılışını bildirən lent kəsildi, iştirakçılar təqdim olunan məhsullarla tanış oldular.
«BIMS-2014» sərgisində avtomobil həvəskarlarının və sahə peşəkarlarının diqqətinə üç böyük sektor - minik avtomobilləri, motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar təqdim olunur. Sərginin iştirakçıları arasında «Toyota», «Lexus», «Suzuki», «Volvo» və s. istehsalçılar var.
Yaxtalar, katerlər və onlar üçün ehtiyat hissələri ilə yanaşı, sərgidə skuterlər, hava ilə doldurulan motorlu qayıqlar, xüsusi paltarlar, yaxta və katerlər üçün sükan sistemləri, lövbər və yanalma üçün lazım olan avadanlıqlar, habelə xilasetmə avadanlıqları, burazlar, kanatlar, alpinist avadanlıqları, sualtı ov və hovuz üçün ləvazimatlar təqdim olunur. Sərgidə hərbi dəniz mühəndisliyi və gəmi avadanlıqları sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edirlər.
«BIMS-2014» və «CIBS-2014» sərgiləri dünya avtomobil sənayesi və motorlu su texnikasının təmayüllərini nümayiş etdirməklə yanaşı, işgüzar əlaqələrin genişləndirilməsi və yeni kommersiya təkliflərinin təqdimatı üçün biznes platforması kimi xidmət göstərir. Hər iki sərgi mayın 17-dək davam edəcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar