Torpaq çox müqəddəsdir. Qarabağ Zəfəri bizi çox sevindirdi və qürurlandırdı. Allah şəhidlərimizə rəhmət eləsin. İndi başımızı uca tutub gəzə bilirik. Sabah Xankəndiyə və Şuşaya gedəcəyim üçün özümü xoşbəxt hiss edirəm. Əhd etmişəm ki, Qarabağa gedəndə torpağı öpüm, şəhidlərimizə ehtiramımı bildirim.

Bu fikirləri müsahibəsində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri Ağamalı Məmmədov söyləyib.

Forum iştirakçısı bildirib ki, Azərbaycanın istedadlı, bacarıqlı insanları çoxdur. Azərbaycanlı elm adamlarının sayının çox olması yaxşıdır və Vətən naminə təşkilatlanmaq şərəf verir.

“Təşkilatçılara bizi bir araya gətirdiyi üçün təşəkkür edirəm. Forumda elm və təhsilin inkişafı üçün fikirlər səsləndirilir, müzakirələr aparılır. Nə etmək lazım olması barədə fikir və təkliflərimizi səsləndiririk.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edirəm, məqalələrim çap olunur. Vətəndən xaricdə yaşasaq da, ürəyimiz buradadır”, - deyə A.Məmmədov vurğulayıb. Həmvətənimiz qeyd edib ki, elm adamlarının bir yerə toplanması, müzakirə aparması bu sahənin inkişafına dəstək olar.

Xatırladaq ki, sentyabrın 9-dan başlanan forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.