Sentyabrın 6-da nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Mədəniyyət Nazirliyi Apellyasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Apellyasiya Şurasının üzvləri – Aparat rəhbərinin müavini – Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Kamil Bayramlı, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Daxili nəzarət və audit şöbəsinin müdir müavini Fərid Qurbanzadə iştirak edib.

İclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30.04.2024-cü il tarixində elan edilmiş ümumi müsahibə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 3 nəfər namizədin apellyasiya şikayətlərinə baxılıb.

Namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, DİM tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Şura üzvlərinin səsverməsinə əsasən, iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib. Səbuhi Bəşirov, İsax Məmmədov və Vüsal Məmmədovun şikayəti ilə əlaqədar bu namizədlərlə əvvəl keçirilmiş müsahibənin nəticəsi dəyişdirilib və onlar iddia etdikləri  vəzifəyə uyğun hesab olunaraq ehtiyat kadrlar siyahısına daxil edilib.