Azərbaycan XİN Paşinyanın son fikirlərinə münasibət bildirib

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 10-da “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı söylədiyi fikirlərə münasibət bildirib.

XİN-in mətbuat katibi Ayxan Hacızadənin bununla bağlı şərhində bildirilir ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.

“Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.

Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır”, – deyə XİN  sözçüsünün şərhində vurğulanır.

Qeyd olunur ki, kommunikasiyaların açılması məsələsində də Ermənistan Baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın (10 noyabr 2020-ci il – red.) 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.

Bundan əlavə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirən və öz  silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi də növbəti böhtandır.

“Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq”, – deyə XİN sözçüsü bəyan edib.