Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu işə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə “Gülüstan” Sarayında keçirilən tədbirdə 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Forumun açılış toplantısında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub.

“Xaricdə yaşayan həmvətənlərimizin sıralarında elm xadimlərinin geniş yer tutması Azərbaycan diasporunun inkişafına böyük imkanlar yaradır. Diasporumuzun fəaliyyətinin sistemliliyinin təmin edilməsi məqsədilə elm sahəsində çalışan soydaşlarımızla daha sıx münasibətlər qurulması, milli maraqlarımıza xidmət göstərən müxtəlif proqram və layihələrdə onların yaxından iştirakının dəstəklənməsi istiqamətində ötən müddət ərzində təqdirəlayiq işlər görülmüşdür”, – deyə müraciətdə qeyd olunur.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, forum dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlı alimlərin şəbəkələşməsi, qazanılan nailiyyətlərdən yararlanmaqla ölkəmizin qlobal hədəflərə sürətlə yaxınlaşması, habelə Azərbaycan elminin dünya elm məkanına inteqrasiyası baxımından səmərəli olacaq, həmçinin işğaldan azad edilmiş tarixi ərazilərimizin bərpası prosesinə alimlərimizin öz bilik və təcrübələri ilə töhfə verə bilmələri üçün faydalı əməkdaşlıq yollarını müəyyən edəcək.

Bu gün Azərbaycanın tarixində əlamətdar hadisələrdən biridir. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycan Respublikasının gücünün və birliyinin ifadəsidir.

Bu fikirləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov forumun açılış mərasimində deyib.

Akademik qeyd edib ki, Vətən müharibəsində Zəfərimiz dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı. Dünyanın 51 ölkəsində 561 diaspor təşkilatımız var. Təşkilatlanma çox mühüm addımdır. Dünyanın müxtəlif yerlərində yaşayan, fəaliyyət göstərən azərbaycanlı alimlərin birliyi də ölkəmizin zəka gücünün artması deməkdir.

***

Azərbaycan elminin, təhsilinin nüfuzu daha da artırılmalıdır. Bunun üçün biz alimlərimizdən təkliflər gözləyirik. Təklifləri olanlara isə maliyyə dəstəyi verməyə hazırıq.

Bunu isə forumda çıxışı zamanı ADA Universitetinin rektoru professor Hafiz Paşayev söyləyib.

O bildirib ki, Azərbaycan elminin inkişafında alimlərin üzərinə böyük rol düşür: “Ölkəmizdə müasir tələblərə cavab verən alimlər yetişdirilməlidir. Xüsusilə dəqiq elmlərlə bağlı mənim narahatlığım var”.

***

Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin (Almaniya) professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır.

Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, – deyə o qeyd edib.

***

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Qeyd edib ki, bu gün Azərbaycan elminin göstəriciləri  kifayət qədər ürəkaçan deyil: “Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik. Ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir”.

Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan Emin Əmrullayev bildirib ki, elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə xeyli müsbət işlər görülüb. Onun sözlərinə görə, vacib məqamlardan biri də çərçivənin müəyyən edilməsidir: “Yəni biz Azərbaycan elmini harada görürük və harada görə bilərik? Gözləntim dünyada yaşayan azərbaycanlı alimlərimizin verəcəkləri töhfə ilə bağlıdır”.

Azərbaycan elminin inkişafı üçün prioritetlərin müəyyən edilməsinin vacibliyini vurğulayan E.Əmrullayev deyib: “Kifayət qədər ictimai müzakirələr var. Dövlət tərəfindən təhsillə bağlı müxtəlif proqramlar həyata keçirilir. Proqram çərçivəsində təhsil alan gənclərimizin ölkəyə qayıtması və öz biliklərini paylaşması vacibdir”.

***

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin Bakıda toplanması mühüm hadisədir. “Məqsədimiz birliyə nail olmaq, həmrəyliyimizi daha da gücləndirməkdir. Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır. Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olardı”, – deyə o əlavə edib.

Fuad Muradov xaricdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı da fikirlərini bildirib və xaricdə yaşayan soydaşlarımız üçün dərsliyin tezliklə çap olunacağını deyib.

***

Açılış toplantısından sonra forum öz işini “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda panel müzakirələrlə davam etdirib. Münxen Texniki Universitetinin professoru Məsud Əfəndiyevin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edənlər qlobal akademik şəbəkənin qurulması ilə bağlı mülahizələrini səsləndirib, təkliflərini bildiriblər.

Qeyd edək ki, forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir. Forumun üçgünlük proqramına iştirakçıların Şuşa və Xankəndi şəhərlərinə səfərləri, o cümlədən Qarabağ Universitetinin müəllim heyəti ilə görüşü də daxildir.

Forum sentyabrın 11-də başa çatacaq.