Fransanın Sosial Elmlər üzrə Qabaqcıl Tədqiqatlar Məktəbinin (EHESS) Cənubi Asiya və Himalay Tədqiqatları Mərkəzinin direktoru professor Fabrisio Spesiale AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. O həm də “Perso-Indica”. Hind elmi ənənələri üzrə farsdilli əsərlərin analitik icmalı” jurnalının baş redaktorudur.

Görüşdə institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru,  dosent Samirə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev iştirak ediblər.

Qonaq Əlyazmalar İnstitutunun tarixi, burada mühafizə olunan əlyazmalar, institutda aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat alıb.

Daha sonra professor F.Spesiale institutun ekspozisiya zalı ilə tanış olub. Qonağa burada sərgilənən qədim və nadir əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən həmin siyahıda yer alan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu və s. barədə ətraflı məlumat verilib.

Alim həmçinin ekspozisiya zalındakı Ümummilli lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və böyük mesenat Hacı Zeynalabdin Tağıyev guşələri ilə də tanış olub.

Sonda alimlə xatirə şəkilləri çəkdirilib.