Sentyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə açacaq.
Teatrdan bildirilib ki, səhnə əsərində Fikrət Əmirovun əsərlərindən, xalq musiqilərindən və Əməkdar mədəniyyət işçisi, tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunub.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Səhnə əsərində rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov və digər aktyorlar ifa edirlər.
Pyes 1896–cı ildə qələmə alınmasına baxmayaraq, bu gün də öz aktuallığını itirməyib.