Misirdə yeni turizm marşrutu açılır
Misir hökuməti «Müqəddəs ailənin izi ilə» adlı turizm marşrutu açmağı planlaşdırır. Ölkənin turizm naziri Hişam Zaazu bildirib ki, yeni marşrut Qahirədə, El-Minya əyalətində və daha cənubda yerləşən müqəddəs yerləri ziyarət etməyi nəzərdə tutur.
Qeyd edək ki, əfsanəyə görə, Məryəm ana, Yusif və körpə İsa vaxtilə bu yerlərdə təqiblərdən gizləniblər. Marşrut Əsyutda, Müqəddəs Məryəm ana monastırında başa çatır. İyun ayında marşrut üzrə sınaq turu keçiriləcək. Müqəddəs ailə ilə bağlı yerlərin qorunub saxlanıldığı Şimali Sinay isə təhlükəsizlik mülahizələri baxımından tur proqramından çıxarılıb.
Nazir bildirib ki, Misirdə hər il dünyanın hər yerindən zəvvarların ziyarət etməyə can atdıqları çoxlu sayda xristian obyektləri var. Təklif edilən yeni marşrut ölkədəki kilsə və monastırların baş keşişləri ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb: «Biz ölkəmizdə dini turizmi dirçəltməyə və bu yolla mümkün qədər çox turist cəlb etməyə ümid edirik».
Fəxriyyə Abdullayeva