Tamilla Axundova. Onun şeirləri ilə ilk dəfə 2012-ci ildə tanış olmuşdum. Bu poeziya nümunələrini oxuyanda müəllifin yaradıcılığının mərkəzində nəcib, dərin duyğulu qadın obrazı dayandığı qənaətinə gəlmişdim...

Ötən müddətdə onu yaxından tanımaq imkanım olmadı. Təsadüf nəticəsində bildim ki, Tamilla Axundova bu il yubiley yaşını qeyd edir. Daha bu fürsəti əldən vermək olmazdı. Onunla görüşümüz məni çox məqamlardan xəbərdar etdi. Peşəsi poeziya ilə uyğun gəlməsə də, deyir ki, əlinə qələm almağında bəlkə də sənətinin böyük rolu olub.

O, sənətə gəldiyi yola qədərki dövrdən – uşaqlıq xatirələrindən söz açır, özü haqqında məlumat verir. Əslində, ona heç də sənədli-sübutlu yaşını vermək olmaz. Sanki həyat onu daim əzizləyib, xoş üz göstərib. Bu da yəqin ki, onun həyatı, yaşam mühiti və hər zaman optimist hisslərlə dolu olmasından irəli gəlir.

Tamilla Axundova ixtisasca ali dərəcəli həkim-psixiatrdır. Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrasında, həmçinin 2 saylı Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində şöbə müdiri və baş həkim kimi fəaliyyət göstərib.  Bir neçə kitabın müəllifidir, şeirlərinə musiqilər yazılıb. Azərbaycanın və Rusiyanın Yazıçılar birliklərinin üzvüdür. Bakıda və Moskvada dəfələrlə  yaradıcılıq gecələri təşkil olunub. Sadaladığımız bütün bu yolun isə, təbii ki, bir başlanğıcı var. Elə isə Tamilla xanımın çox maraqlı həyat hekayəsi ilə öz dilindən tanış olaq.

 

Bu yol məni hara aparır?

 

– Uşaqlıq xatirələrimdən danışmaq istəyirəm. Valideynlərimin hər ikisi mühəndis idi. Demək olar, bütün günü işdə olurdular. Ona görə də məni nənəm saxlayıb. Nənəm və nənəmin bacısı. Tərbiyəmdə, ixtisas seçimimdə onların böyük rolu olub. Biri həkim, digəri isə pedaqoq idi. Mələk nənəm dünyasını dəyişəndən sonra bacısı məni bir növ övladlığa götürüb saxladı. Bu qadın kim idi? Əməkdar elm xadimi, Azərbaycanın tanınmış oftalmoloqu, professor, SSRİ Ali Sovetinin deputatı Sona Axundova-Bağırbəyova. Uşaqlıqdan hər yerdə onunla birlikdə idim. Hətta Moskvaya iclaslara gedəndə belə məni özü ilə aparırdı.

 

Niyə həkim oldum?

 

– Psixiatr peşəsi ilə şairəlik bir-biri ilə uyğun gəlmir. Bu peşə ilk baxışdan poetik anlar üçün əlverişli deyil. Yalnız ilk baxışdan belədir... Nənəm məni göz həkimi görmək istəyirdi, amma qandan qorxduğum üçün psixiatr olmağa önəm verdim. Niyə? Bunu izah edə bilmərəm. Mənə bu sahə həmişə maraqlı gəlirdi və 30 ildən artıq bu sahədə çalışdım. Aspiranturanı bitirdikdən sonra 20 il ATU-da dərs dedim. Daha sonra xəstəxanada şöbə müdiri və baş həkim oldum. Ağabəy Sultanovla birlikdə işlədim.

 

İlk şeirim belə yarandı

 

– Mən heç vaxt şeir yazmamışdım. Etiraf edim ki, poeziyaya o qədər də marağım yox idi. Nəsri çox sevirdim. Amma 50 yaşımdan sonra şeirlər yazmağa başladım. İlk şeirimin də maraqlı tarixçəsi var. Bir səhər yataqda uzanıb həmin gün görəcəyim işlərin planını qururdum. Axşam görkəmli yazıçı, kinodramaturq Maqsud İbrahimbəyovun ad günü mərasiminə gedəcəkdik. İşlərin siyahısını yazmaq üçün həmişə çarpayımın yanında olan kağız parçalarını götürürəm. Bu an şeir yazmağa başladım. Bu gün düşünürəm ki, o mənim ən zəif şeirim idi. Şeiri axşam Maqsud müəllimə oxudum. O, çox bəyəndi və ilk dəfə şeir yazdığımı dedim. Yazıçı mənə poetik təcrübələrimi davam etdirməyi məsləhət gördü. Həmin gündən yazılarımı gizli saxladım.

Maqsudla növbəti görüşümüzdə soruşdu ki, yeni şeirlər yazmışammı. Dedim yazıram, amma heç kim görmür. Sabahı şeirlərimi dinləmək üçün evinə dəvət etdi. Xanımı ilə birlikdə beş şeirimi dinlədi və mənim ilk şeirlər kitabımın nəşrinə qərar verdi. Mən tərəddüd edirdim, daha doğrusu, utanırdım. Amma o məni ruhlandırdı. Dedi ki, bu sənə Allah tərəfindən göndərilən istedaddır, niyə gizlətməlisən... İşimdən ayrılandan sonra bir növ həyatın payızı mənim üçün xüsusi bir zaman, yeni, yaradıcı bioqrafiyamın başlanğıcı oldu. Enerjim, duyğularım, insan ruhlarına dair biliklərim poeziya və nəsrdə tamamlandı...

 

Böyük sevgi...

 

Tamilla xanım Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun həyat yoldaşıdır. Onlar 60 ildən çoxdur ki, həyatlarını birləşdiriblər:

– Böyük eşq – onu yazmaq mümkün olmayacaq. Biz Fərhadla birlikdə oxumuşuq. Onun ən böyük sevgisi sənətidir. Mən buna görə onu qısqanmıram. O, tək işləməyi sevir. Çünki o, sənəti ilə təklikdə olmaq istəyir. Hətta mən ona “Yaradanla təklikdə” (“Наедине с творцом”) adlı şeir də həsr etmişəm. Hər bir yaradıcılıq məhsulu onun əhvalının, ruhunun fərqli anlarının təzahürüdür. Sənət adamının həyat yoldaşı olmaq nə dərəcədə çətin və asandır onu da deyə bilmərəm. Məişət qayğıları və ev işləri həmişə mənim üzərimdə olub. Hər şeyə rəğmən mən evimin xanımı olmuşam. Ev işləri, yemək bişirmək, bazarlıq – həmişə bunlara özüm nəzarət etmişəm. Bu mənim üçün problem olmayıb. Çünki daim məşğul olmağı sevirəm.

 

Həyat mənim üçün nədir?

 

– Kim deyir ki, yaşamaq asandır, yanılır. Həyat çox çətin və mürəkkəbdir. Hər insanın həyatında zamanın sınaqları olur. Ailədə və sənət yolunda müəyyən narahatlıqlar yaşanır. Mümkündür ki, nənə nəvələrinə görə narahat olmasın? Bir də bəzən yaxşılıq etdiyin insanlardan zərbələr alırsan. Bu da həyatın çətin anlarıdır. Qoy bütün valideynlərin övladları sağlam olsunlar. Əgər övlad xəstədirsə, ana necə rahat ola bilər? Mənim həyatımda da çətin məqamlar olub.

 

Romantik əhval və zəriflik

 

Rus dilində yazıb-yaradan Tamilla Axundovanın şeir və hekayələrinin yer aldığı bir neçə kitabı işıq üzü görüb. Xalq yazıçısı Anar onun yaradıcılığını belə səciyyələndirir: “Tamilla Axundovanın həm poeziyasında, həm də nəsrində diqqəti cəlb edən nədir? Hər şeydən əvvəl, insanın özünü ifadə etmə səmimiliyi, xarakterin və ya lirik “mən”in zahiri firavan varlığının arxasında qeyri-adi şəxsiyyətin yaşadıqlarını həyata öz münasibətilə üzə çıxarmaq bacarığı, sevgi, yalnızlıq...”.

Eyni zamanda narahatlıq, “ruhun çaşqınlığı”, “hisslərin yorğunluğu”, itkinin acılığından doğan ağrı və ümidsizlik, təklik və tənhalıq arzusu – bütün bu rəngarəng ehtiras və duyğular Tamilla xanımın yaradıcılığının əsas mahiyyətini təşkil edir.

Əsrarəngiz romantik əhvali-ruhiyyə və zərifliklə dolu olan şeirlər, poemalar, fəlsəfi oçerklər, hekayələr müəllifi olan Tamilla Axundovanın yaradıcılığında bir qeyri-adilik, cəzbedici novatorluq və hisslərin azadlığı var. Müəllifin şeirləri ona görə oxucuya yaxındır ki, hər kəs bu sətirlərdə yaşadığı anların təsvirini görə bilir.

Şairin özü bu duyğunu belə təsvir edir: “Tibb də yaradıcılıqdır, xüsusən də psixiatriya. Biz əlimizdə neştər tutmuruq, nevroloqlar kimi avadanlıqdan, hətta çəkicdən də istifadə etmirik. Psixiatr insanın gözlərini, ruhunu, hisslərini görür və onun artıq heç bir yardıma ehtiyacı yoxdur. Bəlkə də yaşadıqlarım, təcrübələrim, qarşılaşdığım hadisələrdən yaranan şeirlər ona görə bu qədər qəlbə yaxın qəbul edilir”.

Fəlsəfə və psixologiyanı sevən şairin stolüstü kitabı yapon yazıçısı Akutaqava Ryunoskenin əsərləridir. Ümumiyyətlə, dünya və Azərbaycan klassiklərini oxumağı sevir. Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” da ona maraqlıdır. Yəqin peşəsindən irəli gəlir. Bu əsərin tamaşasına da öz münasibəti var. Doğma Vətəninə sevgisi isə bir başqadır:

Azərbaycan mənim doğma diyarım,
Sənsən bu dünyada sərvətim, varım.
Bir yanda Şahdağı, bir yanda Xəzər,
Ləpələr çırpınıb nəğmələr düzər…

Şairin sözlərinə ilk romansı İlham Abdullayev bəstələyib. Daha sonra Rusiyanın Əməkdar artisti, aktyor, rəssam və bəstəkar İqor Kartaşevin onun şeirlərinə bəstələdiyi 12 mahnıdan ibarət disk də işıq üzü görüb.

Sabaha ümid və sevgi ilə baxan, optimist hisslərlə dolu Tamilla Axundovanı yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Lalə Azəri