Birillik strateji planla bağlı müzakirələr aparılıb

 

Xəbər verdiyimiz kimi, 9-11 sentyabr tarixlərində Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirilib.

Forumun ikinci günündə Fransada yaşayan alim soydaşlarımız Aynur Quliyeva və Reyhan Həsənovanın moderatorluğu ilə keçən panel iclasında məruzələr dinlənilib, müzakirələr aparılıb.

İsveçdən gələn azərbaycanlı alim Səadət Kərimi yaşadığı ölkənin elmi tədqiqat sahəsindəki təcrübəsindən bəhs edib.

“Proqnozlaşdırılma və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərin rolu” mövzusunda çıxış edən Yulduz Rəhimov (Kanada) diqqətə çatdırıb ki, 1968-ci ilə nisbətən 2023-cü ildə dünyada adambaşına düşən enerji istehsalı 10,6 dəfə artıb. Bərpaolunan enerji mənbələri ilə bağlı fikirlərini bölüşən alim insanların tələblərinin azaldılması, istifadə edilən mənbələrin sayının artırılmasının vacibliyini vurğulayıb.

Asəf Salmanov (ABŞ) “Məlumat elminin (data science) inkişafı Azərbaycanda prioritet sahələrdən biri ola bilər” mövzulu məruzəsində informatikanın müasir dövrdə inkişafından danışıb, süni intellekt və yeni informasiya texnologiyaları ilə bağlı fikirlərini bölüşüb.

Mehdi Gəncəli (Türkiyə) “1918-1920-ci illərdə nəsr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks-sədası” mövzusunda məruzə edib. Azərbaycanın müstəqillik tarixinə nəzər salan alim həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzetinin əhəmiyyətini vurğulayıb. Deyib ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı rəsmi dövlət qəzetinin nəşri ölkə tarixinin mühüm hadisəsi idi.

Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov “Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar” mövzusunda fikirlərini bölüşüb. 500-dən çox mənbəni araşdırdığını deyən alim bildirib ki, tədqiqatlarda ölkəmiz və xalqımızla bağlı məlumatlara rast gəlib.

“Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələləri üzrə hazırkı yanaşma” mövzusunda fikirlərini bölüşən Toğrul İsmayıl (Türkiyə) qardaş ölkədə çalışan azərbaycanlı alimlərin sayının xeyli artdığını diqqətə çatdırıb.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşı Nigar Məsimova (Rusiya) “Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivləri” mövzusunda danışıb, təhsilə, elmə sərmayə qoyulmasının vacibliyini vurğulayıb.

Bəxtiyar Siracov (Avstriya) Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəaliyyəti ilə çıxış edib.

Forum iştirakçıları birinci sessiyada bir il ərzində hansı işlərin görülə biləcəyini müzakirə edib, təkliflərini veriblər. İkinci sessiyada təkliflərə baxılıb, birillik strateji planla bağlı müzakirələr aparılıb.

Sessiyalardan sonra moderatorlar əldə olunmuş nəticələrlə bağlı təqdimat ediblər.

Yekun iclasda qısa, orta və uzaq müddətli strategiya planı hazırlanaraq qəbul edilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirə sentyabrın 11-də yekun vurulub. Foruma 23 ölkədən 80-dən çox azərbaycanlı alim qatılıb.