Yay turizm mövsümü yaxınlaşdıqca insanlar da öz istirahətlərini harada və necə keçirmək barədə fikirləşirlər. Elə isə ölkəmizdə istirahət etmək istəyənlər əsasən hansı regionları seçirlər?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, respublikada 6-7 turizm regionu olsa da, turistlər daha çox üç regiona üstünlük verirlər. Bunlar şimal-şərq (Quba, Qusar, Xaçmaz), şimal-qərb (Şamaxı, Qəbələ, Şəki, Zaqatala) və cənub zonasıdır (Lerik, Astara, Masallı).
Statistikaya görə, turistlər daha çox şimal-şərq rayonlarına səfər edirlər. Hər zona üzrə turist xidmətlərinin qiymətlərinin fərqləndiyini bildirən AzTA rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanın bölgələrinə həm yerli, həm də xarici turistləri daha çox cəlb etmək üçün qiymətlərin aşağı salınmasını tövsiyə edir: “Bizdə olan məlumatlara görə, regionlarda turizm xidmətlərinin qiymətləri ötən illə müqayisədə yaxşıdır. Belə ki, yemək daxil olmaqla, 25-30 manata bəzi hotellərdə yerləşmək mümkün olacaq”.
Həmsöhbətim deyir ki, bu qiymətə əsasən şimal və şimal-şərq zonasında dincəlmək mümkün olacaq. Hərçənd turizm obyektlərində təklif edilən yeməklərin qiymətləri yenə bahadır: “Biz də tövsiyə edirik ki, turistlərin daha çox gəlməsi üçün yeməklərin qiymətləri onların ciblərinə uyğun olsun. Bu, turistin gündəlik xərclərini də azaldar”.
Turizm obyektlərində qonaqlara təklif edilən əlavə xidmətlərə gəlincə, mütəxəssis deyir ki, onlar turistlər üçün müxtəlif ekskursiyalar, əyləncəli proqramlar təşkil etməlidirlər: «Yerlərdə turistləri maraqlandıran mərasimlər, çay dəstgahları təşkil oluna bilər. Məsələn, Qəbələdə şərab, Şəkidə şirniyyat dequstasiyası etmək olar».
Söhbət əsnasında Bakı-Abşeron zonasında keçirilən monitorinqin ilkin nəticələrindən danışan Müzəffər Ağakərimovun sözlərinə görə, hotellərdə vəziyyət ümumən qənaətbəxş qiymətləndirilsə də, bəzi nöqsanlar aşkarlanıb. Əsas nöqsanlar kadr potensialı ilə bağlıdır. Kadrlar zəif olduqda xidmət səviyyəsi də zəif olur. Buna görə də hotellərdə kadr potensialını gücləndirmək ən vacib şərtdir: “Elə hotellər var ki, ulduzlarının sayına uyğun xidmət göstərmirlər. Onların ulduzlarının sayına uyğun avadanlıqları, ləvazimatları yoxdur, sanitar-gigiyenik şəraiti tələblərə tam cavab vermir. Həmin hotellərin siyahısı hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib. Monitorinqin nəticələrinə uyğun olaraq nazirliyə bir necə 3 və 4 ulduzlu hotelin ulduzunun sayının azaldılması təklifini də göndərmişik. Həmin hotellər əsasən Abşeron yarımadasında yerləşir. Onlar mövsümdən mövsümə işləyir, ona görə də bu cür problemlər yaranır».
Turizm şirkətləri ilə bağlı nəticəyə gəldikdə, AzTA rəsmisinin fikrincə, onlarda bələdçilərin sayının artırılmasına ehtiyac var. Bunun üçün müxtəlif dillərdə danışa bilən ekskursiya bələdçiləri hazırlanmalıdır: «Bu istiqamətdə işlər aparılacaq. Hazırda monitorinqin nəticələri Mədəniyyət və Turizm Nazirliyinin ekspertləri tərəfindən araşdırılır».

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar