Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bununla bağlı keçirilən görüşdə Əqli Mülkiyyət Agentliyi idarə heyətinin sədri Kamran İmanov hazırda əqli mülkiyyət anlayışının daha geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb. O, Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyinin fəaliyyətlərinin bir çox məqamlarda kəsişdiyini, bu səbəbdən əməkdaşlığın ümumi işə töhfələr verəcəyini deyib.
Dövlət Reklam Agentliyi idarə heyətinin sədri Fərhad Adıgözəlov son vaxtlar açıq məkanlarda reklamların yerləşdirilməsi ilə bağlı tədbirlər, problemlərin həlli istiqamətində uyğun gördükləri işlər barədə danışıb.
Əqli Mülkiyyət Agentliyindən verilən məlumatda bildirilir ki, memorandumun imzalanmasında məqsəd Azərbaycan dilinin zənginliyinin və saflığının qorunması, dövlət dilindən istifadənin təkmilləşdirilməsi və təşviqi, xarici dildə olan reklam mətnlərinin ədəbi dil normalarına uyğunluğunun təmin edilməsi, qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində qarşılıqlı fəaliyyətin təşkilidir. Birgə fəaliyyət nəticəsində açıq məkanda xarici dildə reklamı yayımlanan əmtəələrə aid reklam mətnləri ilə bağlı hüquq sahibləri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə əməl olunub-olunmaması müəyyən ediləcək, maarifləndirmə işi aparılacaq. Qeydiyyata alınmış əmtəə nişanları və coğrafi göstəricilərlə təchiz edilmiş əmtəələrə aid açıq məkanda yerləşdirilən reklamlarda qanunvericilik aktlarının müddəalarına riayət olunmasına birgə nəzarət olunacaq.