Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisindəki Əlincə dağına təbiət abidəsi statusu verilib.

Baş nazir Əli Əsədov 9 sentyabr 2024-cü il tarixində Nazirlər Kabinetinin bununla bağlı  qərarını imzalayıb.

Qərara əsasən, Culfa rayonu ərazisində, Əlincəçayın sağ sahilində və Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağın şərq yamacında yerləşən, hündürlüyü 1821,4 metr olan Əlincə dağına respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib və ərazi Əlincədağ təbiət abidəsi adlandırılıb.

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Culfa Rayon İcra Hakimiyyətinə Əlincədağ təbiət abidəsinin yerləşdiyi ərazinin təşkili və mühafizəsi üçün bu obyektin yerləşdiyi ərazinin torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görmək tapşırılıb.