Tailandın Xarici İşlər Nazirliyinin və digər qurumlarının nümayəndə heyəti sentyabrın 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycandakı multikulturalizm siyasəti haqqında məlumat verib. Bildirib ki, multikulturalizm Azərbaycanda tarixən formalaşsa da, onun siyasi əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, multikulturalizm dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
R.Həsənov 2014-cü ildə yaradılan mərkəzin azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində mühüm layihələr həyata keçirdiyini qeyd edib. Diqqətə çatdırıb ki, dünyanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Tədris layihəsinin davamı olaraq Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün qış və yay məktəbləri təşkil edilir.
Mərkəz eyni zamanda mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə beynəlxalq konfransların təşkili üçün platforma rolunu oynayır.
Tailand nümayəndə heyətinin üzvləri Azərbaycan multikulturalizmindən bəhs edən filmi izləyiblər. Multikulturalizm sahəsində təcrübə mübadiləsi aparmaq istiqamətində əməkdaşlıq məsələsi müzakirə olunub.