Sentyabrın 11-də Hüseyn Cavidin Ev-Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli muzeyşünas, mətnşünas, pedaqoq Turan Cavidin (1923-2004) vəfatının (12 sentyabr) 20-ci ildönümü münasibətilə tədbir keçirilib.
Turan Cavidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz mədəniyyət xadiminin ömür yoluna nəzər salıb.
Bildirib ki, Hüseyn Cavidin 1937-ci ildə həbs edilməsindən sonra Turan Cavid bütün ömrünü atasının irsinin qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr edib. Atası Turan xanıma kiçik yaşlarından ərəb qrafikalı Azərbaycan əlifbasını (əski əlifba) öyrədib. O uşaqlıqdan Cavidin əsərlərini orijinaldan mütaliə edib. Bunun nəticəsində sonradan atasının əsərlərinin əlyazmaları sovet dönəmində məhv edilsə də, təhrif edilmiş əsərlərin üzərində işləyərək onları yenidən ilkin versiyaya uyğunlaşdırmağa nail olub. Hüseyn Cavidin Ev-Muzeyinə rəhbərlik etdiyi müddətdə (1991-2004) Turan xanım ədibin tam külliyyatının elmi-tənqidi mətninin hazırlanmasında böyük zəhmət çəkib.
Sonda tədbir iştirakçıları muzeyin fond materialları əsasında Turan Cavid haqqında tərtib edilmiş tematik kitab sərgisi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.