Xəbər verdiyimiz kimi, 9-10 sentyabr tarixlərində Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası keçirilib. İclasın əsas məqsədi Türk dünyası ortaq əlifbası hərfləri ilə bağlı müzakirələri yekunlaşdırmaq olub.
Qeyd edək ki, Türk Dünyası Ortaq Əlifba Komissiyası iki il əvvəl Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılıb.
Bakıdakı iclasa qədər 24 hərf üzərində işin başa çatdırıldığı qeyd olunurdu. Komissiyanın üçüncü toplantısında daha 10 hərf razılaşdırılıb. Bu barədə iclasın təşkilatçılarından olan Türk Akademiyasından (Astanada yerləşir) bildirilib.
Qeyd olunur ki, TDT-yə üzv ölkələrdən ibarət Türk Dünyası Birgə Əlifba Komissiyasının üçüncü iclasında komissiyanın ikiillik fəaliyyət təcrübəsindən yararlanaraq türk dilləri üçün əlifba layihəsi elan edilib. 34 hərfdən ibarət ortaq əlifba təklifi ilə bağlı razılıq əldə olunub.
İndi qalır alimlər səviyyəsində razılaşdırılan əlifba ilə bağlı rəsmi müstəvidə hansı qərarların veriləcəyini və onun necə tətbiq ediləcəyini gözləmək.