Bakının qurtuluşundan 106 il ötür...

 

Sentyabrın 15-də Azərbaycan tarixinin şanlı səhifələrinin – Bakı şəhərinin “Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizlənməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin öz paytaxtına qovuşmasının ildönümüdür.

1918-ci ilin 15 sentyabrında Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin – Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyə qardaşlığının tarix durduqca yaşayacaq möhtəşəm bir salnaməsidir...

28 may 1918-ci ildə istiqlaliyyətini elan edən Azərbaycana ilk dəstək qardaş ölkədən gəldi. Cümhuriyyətimiz Tiflisdə, Zaqafqaziya Seyminin dağılmasından sonra Azərbaycan Milli Şurası tərəfindən elan edilmişdi. Bakı Şaumyanın başçılıq etdiyi bolşevik-daşnakların (Bakı Kommunası) əlində idi və hələlik milli hökumətin nəinki Bakıya, hətta Tiflisə yaxın olan Gəncəyə köçməsi belə problemli idi. Ümid ancaq Türkiyədən gələcək köməyə idi.

1918-ci il iyunun 4-də Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında “Daimi sülh və dostluq münasibətləri haqqında” saziş imzalandı. Osmanlının hərbi naziri Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı altında ordu hissəsini Azərbaycana köməyə göndərdi. Diviziya Gümrü-Dilican-Ağstafa yolunu keçərək Gəncəyə gəldi. Əhali qardaş ordunu sevinclə qarşıladı.

İyunun 16-da milli hökumət Tiflisdən Gəncəyə köçdü. Milli hakimiyyəti bütün ölkə ərazisində bərqərar etmək üçün əsgəri yardım zəruri idi. Osmanlı diviziyası və Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya 18 min əsgər və zabit daxil idi.

Qafqaz İslam Ordusunun zəfər yürüşü iyul ayında başlandı. İyulun 20-də Şamaxı şəhəri azad edildi. İyulun sonunda Şaumyanın rəhbərlik etdiyi “Bakı Kommunası” istefa verməyə məcbur oldu, düşmən qiyafəsini dəyişdi və 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi diktaturası” yaradıldı. Bakını əldən vermək istəməyən mürtəce qurum ingilis qoşunlarını köməyə çağırdı. Lakin bu, onları xilas edə bilmədi.

1918-ci il sentyabrın 15-də  xilaskar ordu Bakıya daxil oldu. Qafqaz İslam Ordusu Bakını Cümhuriyyətə qovuşdurdu. Gəncə, Göyçay, Ağsu, Kürdəmir, Şamaxı ətrafındakı döyüşlərdən keçən zəfər yolu Bakının küçələrində müzəffər paradla tamamlandı. Sentyabrın 17-də milli hökumət Bakıya köçdü, Bakı paytaxt adını və mahiyyətini özünə qaytardı...

Lakin qardaş ölkənin xilaskar ordusu Azərbaycanda çox qala bilmədi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında bağlanan Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli idilər...

Amma bu qısa müddət ərzində türk hərbi kontingenti Azərbaycanın istiqlalı uğrunda əlindən gələni etmiş, Bakıya zəfər yürüşündən sonra Azərbaycanın şimal bölgələrində, həmçinin Qarabağda apardığı savaşlarda şəhidlər vermişdi.

Ümumilikdə 1918-ci il iyun-oktyabr aylarında Azərbaycanın istiqlalı və suverenliyi uğrunda döyüşlərdə 4 min əsgər və zabit şəhid olmuşdu. Onların 1130 nəfəri türk əsgəri  idi...

Sovet tarixi onilliklər boyu bu şanlı salnaməni bizə unutdurmağa çalışdı. Amma tarix gec-tez hər şeyi öz yerinə qoyur. Qan yaddaşından silinməyən 1918-ci il 15 Sentyabrı – Türkiyə-Azərbaycan qardaşlığının əsəri də müstəqillik tariximizdə haqq etdiyi yerini tutdu.

1999-cu il sentyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı məzarların yanında bir abidə ucaldıldı. 1918-ci ildə Gəncədən Bakıyadək uzanmış savaş yolu boyunca türk əsgərlərinin gömüldüyü adsız məzarlıqlar üzərində belə xatirə abidələri ucaldılıb. Ay-ulduzlu bayraqlarımızın kölgə saldığı bu qranit abidələr heç vaxt sarsılmayacaq Türkiyə-Azərbaycan qardaşlığının simvolu kimi gələcək nəsillərə tarixdən dərs verəcək daş kitabələrdir...

Vüqar Orxan