Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 11-12 sentyabr tarixlərində Özbəkistanın Xivə şəhərində “Şuşa günləri” keçirilib.
Qeyd edək ki, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə 2023-cü ildə Şuşa şəhəri ilə Özbəkistanın Xivə şəhəri qardaşlaşıb, bu barədə müqavilə imzalanıb.
Dövlət Qoruğu İdarəsindən bildirilib ki, keçirilən tədbirlər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb. Söhbət zamanı qardaşlaşmış iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparılıb. Sonra Xivənin tarixi “İçən qala” ərazisi ilə tanışlıq olub.
Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüş keçirilib. Görüşdə 1938–1940-cı illərdə bu universitetdə müəllim kimi fəaliyyət göstərən görkəmli yazıçı, ictimai xadim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) adını daşıyan, 2023-cü ildə yaradılmış Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Həmçinin Aydın Kərimov Şuşa şəhərində aparılan abadlıq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.
Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V.Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib. Tələbələrin ifasında konsert proqramı təqdim olunub.
“Şuşa günləri” “İçən qala”da maraqlı tədbirlərlə davam edib. “Şuşa – dünən və bu gün” adlı fotosərgidə şəhərin tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar nümayiş olunub, hər foto haqqında ziyarətçilərə məlumat verilib.
Tədbirdə təqdim edilən Azərbaycanın Qarabağ bölgəsinə məxsus milli geyim nümunələri maraqla qarşılanıb. Kolleksiyada əsasən Qarabağın zadəgan xanımlarının XVIII-XIX əsrlərə məxsus geyimləri və kişi libasları sərgilənib.
Özbəkistanda olan müxtəlif ölkələrin səfirləri, Xivə şəhərinin hakimi Temur Davletov, Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə tanınmış incəsənət ustalarımızın ifasında təqdim olunan möhtəşəm konsert proqramı alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblının ifa etdiyi rəqs nömrələri isə xüsusi alqış doğurub.