Sentyabrın 13-də AMEA-nın Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə institutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova açaraq elmi tədbirin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, konfrans bütövlükdə Azərbaycan, eləcə də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan folklorunun müasir vəziyyətinin öyrənilməsi, regional özünəməxsusluğunun üzə çıxarılması, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və bunun bölgə folkloruna təsirinin öyrənilməsi məqsədilə təşkil edilib.
Sonra filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil, “Qərbi Azərbaycan mərasim folklorunun aktual problemləri”, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Afaq Ramazanova “SMOMPK-da İrəvan mərasimləri”, İlhamə Qəsəbova “Göyçə-Qazax aşıq mühitlərinin sənət əlaqəsi”, filologiya elmləri doktoru, professor Elmira Məmmədova-Kekeç “Qərbi Azərbaycanın Dəstəgird qəsəbəsində ziyarət yerləri” və başqaları məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Qərbi Azərbaycanın şifahi irsinin müxtəlif aspektlərdən araşdırılmasını əhatə edən məruzələr dinlənilib, müzakirələr aparılıb. Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.