Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları mayın 20-dən 22-dək Almaniyanın Frankfurt şəhərində keçirilən IMEX beynəlxalq biznes turizmi sərgisində ilk dəfə iştirak edib.

Açılış mərasimində çıxış edən sərginin təşkilat komitəsinin sədri Ray Bloom Azərbaycanın ilk dəfə olaraq IMEX beynəlxalq turizm sərgisində iştirakını xüsusi qeyd edib.
Sərgidə Azərbaycan Konqreslər Bürosunun stendi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Stendin ziyarətçilərinə milli qonaqpərvərliyimizin nümunəsi olaraq şirniyyat məhsullarımız və şərablar təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu və onun üzvləri beynəlxalq tədbir təşkilatçıları ilə 50-dən çox təkbətək görüş və iclaslar keçirib.
Tədbiri işıqlandıran alman media nümayəndələri də Azərbaycanın turizm imkanları, Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işlərlə yaxından maraqlanıblar.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov IMEX biznes sərgisi çərçivəsində keçirilən “Siyasətçilərin Forumu”nda iştirak edib. Nazir müavini forum iştirakçılarına ölkəmizin turizm potensialı haqqında məlumat verib.
Nazim Səmədov BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüş keçirib. Tərəflər ölkənin turizm sahəsinin inkişaf yolları, perspektivləri və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

 Fəxriyyə Abdullayeva