“Sənət adamına vaxtında qiymət verilməlidir. Yaş ötüb sənətlə vidalaşmaq zamanı gələndə dəyərləndirmə nəyimə lazımdır?”

 

“Yolun ki səhnədən düşdü…” rubrikasının qonağı aktrisa Xalidə Əliməmmədovadır

 

Onu çoxdan tanıyıram. Hələ ötən əsrin doxsanıncı illərində Azərbaycan Dövlət Gənclər Teatrının səhnəsində tez-tez tamaşalarda, özü də fərqli rollarda gördüyüm zamandan. Qəribə də olsa, həmin teatrın, demək olar ki, bütün tamaşaları barədə yazmışam, bu teatrdan pərvazlanmış neçə-neçə aktyorla tanışlığımız sənət dostluğuna çevrilib. Amma Xalidə xanımla ünsiyyətimiz olmayıb… Nədən? Səbəbini tapa bilmirəm. Deməli, qismət indiyə imiş.

İlıq bir yay günündə Xalidə xanımla çay süfrəsi arxasında əyləşib söhbət edirik.

 

– Bizim təzə rubrikamızın ilk və ənənəvi bir sualı var: necə oldu ki, yolunuz səhnədən düşdü?

– Teatrı çox sevirdim. Aktrisa olmaq arzum idi. Təsəvvür edin, 17 yaşımda, 90-cı ilin yayında Xaçmazdan Bakıya gəldim, İncəsənət İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti – red.) sənədlərimi verdim, amma qəbul ola bilmədim. Qurbanəli adlı bir müəllimim var idi. Qabiliyyətimə bələd idi. Atama dedi ki, bu qızı kəndə qaytarma. Kəndə gedəcək, bir nəfərlə ailə quracaq, olacaq kənd gəlini, istedadı da batacaq. Qoy Bakıda qalsın, işləsin, hazırlaşsın, bəxtini yenə sınasın.

 

– Və …

– Atam razılaşdı. Rəhmətlik atam heç bir övladının arzusuna qarşı çıxmayıb. Mən düz dördüncü il qəbul oldum. Hətta qohumlarımdan bəziləri mən instituta qəbul olandan sonra da atama deyirdilər ki, Xalidəni niyə Bakıda saxlamısan? O nə sənətdir seçib? Birdən yolunu azar…

 

– Yolunu azmaq istəyən şəhərə, kəndə baxmır ki...

– Elə atam da belə suallara kəsə cavab verirdi ki, övlad mənimdir, mən bilərəm. Mənə deyirdi ki, sənin arxanda dayanmışam, sevib seçdiyin sənətdir, çətinliklərinə dözəcəksən də, bu yolu sonadək gedəcəksən də!...  

 

– Xalidə xanım, sənətə də teatrın, kinonun böhranlı dövründə, sabaha etibarın olmadığı bir vaxtda gəldiniz.

– Elədir. İnstitutda böyük aktyorumuz Məlik Dadaşovun kursunda oxumuşam. Məlik müəllim həm də böyük insan idi. Bizə təkcə sənəti yox, həyatı da öyrədirdi. Çətin vaxtlar idi, həmişə deyirdi ki, insanlarla ehtiyatlı olun, hər kəslə ünsiyyət qurmayın… Hərəniz bir rayondan gəlmisiniz, hələ gözünüz açılmayıb, fırıldaqçılar aldadarlar sizi. Qızlara da həmişə deyərdi ki, şalvar yox, don geyinin. Yoxsa yerişinizi, oturuşunuzu itirəcəksiniz; bu sizə səhnədə də, həyatda da mane olacaq...

 

– Amma tələbəlik geridə qaldı və siz peşəkar aktrisa kimi fəaliyyətə başladınız…

– Rəhmətlik Hüseynağa Atakişiyevin yaratdığı teatrda böyüdüm, yetişdim. Nə qədər çətinliklərdən keçdim o kollektivlə birlikdə. Yadımdadır, Firuz Mustafanın “Qəfəs” əsərini hazırlayırdıq. Premyeraya bir gün qalmış sonuncu məşqdə Hüseynağa müəllim dedi ki, hazır deyilsiniz. Bu gecəni teatrda qalıb məşq edirik, o nöqsanları düzəldirik. Mən, Rəfael, Coşqun (Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov) … səhərədək məşq etdik. Axır ki, Hüseynağa müəllimi razı sala bildik. Heç fikirləşmədik ki, bütün gecəni çalışıb yorğun, yuxusuz halda premyeranı necə oynayacağıq? Cavan idik, belə çətinliklər bizə adi görünürdu.

 

– Maşallah, rollarınız da bol…

– Mənim rol sarıdan heç vaxt kasadlığım olmayıb. Teatrda hansı tamaşaya daxil ediblər, öz rolumu canla-başla oynamışam. Çalışmışam ki, bir rolum digərinə oxşamasın, xarakterlər seçilsin. Əlbəttə, Gənclər teatrında işləyəndə rollarım daha çox idi. Aktyor truppası kiçik idi deyə, bütün heyət az qala hər tamaşada məşğul olurdu.

 

– İki yığcam teatr kollektivinin bir böyük teatra – Gənc Tamaşaçılar Teatrına birləşdirilməsi prosesini necə keçdiniz?

– Gənclər teatrından sonra bu teatrdakı qaydalara rahat uyğunlaşa bilmirdim. Kollektiv böyük, bütün aktyorlar tamaşada məşğul olmaq istəyirlər. Mən isə düşünürdüm ki, çox da yaşlanmamış öz potensialımdan istifadə etməliyəm.

 

– Bəs hansısa teatra sizi dəvət ediblər?

– Hələ tələbə vaxtı Məlik Dadaşov məni Akademik Dram Teatrına aparmaq istəyirdi. Qorxdum, getmədim. Sonralar özüm iş yerimi dəyişmək istəmədim.

 

– Səbəb?

– Bilirsiniz, hər təzə kollektivdə sıfırdan başlamalısan. Məsələn, Gənclər teatrında mən yüzdən çox irili-xırdalı rol oynamışdım. Gənc Tamaşaçılar Teatrında tamaşa quran rejissorlar məni səhnədən tanıyırdılar, iş prosesindən yox. Odur ki, yenidən özünü tanıdıb təsdiq edincə xeyli vaxt gedir. Əslində, bu teatrdakı rol yükümdən şikayətçi deyiləm. Bir çox tamaşada varam. Amma gedib truppa müdirindən soruşum ki, niyə filan rejissor mənə öz tamaşasında rol vermədi, yaxud direktorun qapısını döyüm ki, niyə tamaşalarım azdır, demərəm. Mən belə əməllərdən uzağam. Dəyər verən verir, dəyər verməyən də yanımdan ötüb keçir.

 

– Və bu məqamda siz?...

– Heç o tərəfə də baxmıram.

 

– Sənətlə bağlı çox pozitiv düşüncəniz var. Dəyər verməyənlərdən incimirsiniz…

– İnciyəndə nə olacaq ki? Nə dəyişəcək ki? Görmək istəyən görür. Teatrın cari repertuarında kifayət qədər məşğulam. Ən son tamaşalardan “Qaraca qız”da Gülpərini, “Kod adı: V.X.A.” tamaşasında Xədicə Kəngərlinskaya rolunu oynayıram. Digər tamaşalarda da məşğulam: istər uşaq tamaşası, istər böyük, mənim üçün fərq etməz. Çünki sevdiyim işlə məşğulam.

 

– Bəs pedaqoji fəaliyyətlə məşğul olursunuz?

– Yox. Baxmayaraq ki, universiteti həm də teatrşünaslıq üzrə magistr pilləsində bitirmişəm. O zaman “Səhnə danışığı” kafedrasının müdiri Əzizağa Quliyev məni laborant kimi kafedrada saxlamaq istəyirdi, razılaşmadım. Daha bir neçə il valideynlərimin hesabına yaşamaq istəmədim. Əslində, həm kafedrada, həm də teatrda çalışa bilərdim. Amma o təklifi qəbul etməməklə böyük səhv etdim.

 

– Bəs indi? Səsinizin tembri yerində, savadınız da, dünyagörüşünüz də, sənət təcrübəniz də artıb.

– İndi universitetdə Kamilə Mehdiyeva həmin kafedranın müdiridir. O da Məlik Dadaşovun tələbəsi olub. Hərdən mənə deyir ki, gəl, pedaqoji fəaliyyətə başla. Getmirəm…

 

– Niyə?

– Mən 2014-cü ildə qəfildən insult keçirtdim. Tam bərpa olsam da, mənə səs-küylü yerdə çox qalmaq olmaz. İndiki tələbələr də bizim dövrün tələbələri kimi deyillər. Çox nazlıdırlar (gülür)…

 

– Həm də bizlərə baxmış daha səhlənkardırlar…

– Bu da var. Mən heç kimi qınamıram. Yəni gəncliyin seçimi budur.

 

– Bildiyim qədər, bir qızınız var. Onda necə, sənət həvəsini hiss edirsiniz?

– Sənətə meyli var, amma mən istəmirəm. Mən sənətdə çox əziyyət çəkmişəm.

 

– Bəlkə siz varsınız deyə, qızınız o qədər də əziyyət çəkməz. Hər necə olsa, sizin səhvlərinizi onun təkrar etməyinə imkan verməzsiniz…

– Yox… Elə deyil. Sənət adamına vaxtında qiymət verilməlidir. Yaş ötüb sənətlə vidalaşmaq vaxtı gələndə dəyərləndirmə nəyimə lazımdır? İnsan cavanlıq eşqi ilə çalışanda aldığı qiymət onu daha da ruhlandırır, həvəsləndirir.

 

– Xalidə xanım, dedikləriniz məndən ötrü bir qədər mübahisəli olsa da, sizinlə razılaşıram. Çünki hər kəsin öz həyat fəlsəfəsi var…

– Bəzən küçədə, ictimai nəqliyyatda gedəndə səsimi eşidəndə kimsə dönüb geri baxır, deyir ki, səsiniz mənə tanış gəlir… Mən də gülümsəyirəm ki, yəqin bir axşam evinizə qonaq gəlmişəm.

 

– Yəqin ki, dublyaj səsləndirmələrini nəzərdə tutursunuz…

– Bəli. Bununla bağlı bir hadisə yadıma düşdü. İlk dəfə səsləndirməyə gələndə gördüm ki, müəllimim Xalq artisti Kamal Xudaverdiyev də oradadır. Sıxıldım. Kamal müəllim səbrlə izah etdi ki, qızım, bura auditoriya deyil, biz hamımız burada aktyoruq. Bu gün sən mənim qızımın səsini yaza bilərsən, sabah isə sevgilimin, həyat yoldaşımın, düşmənimin, anamın. Biz bərabərhüquqlu işçilərik.

 

– Sənətdən başqa həyatınızda nə var? Hansı işlə məşğulsunuz?

– Qızım, doğmalarım və səhnə. Başqa heç nə… Hə, bir də uşaq olanda xalçatoxuyan bacımın yanında əyləşib ondan ilmə vurmağı öyrənmişəm, parça üzərində sapla naxış sala bilirəm. Əgər bunlar da bir istedad sayılırsa, deməli, nəsə bacarıram.

 

– Əgər kövrəlməyəcəksinizsə, sizə bir sual verim. Cavab vermək istəməsəniz, incimərəm...

– Buyurun…

 

– Bayaq dediniz ki, insult keçirtmisiniz. Doğum tarixinizlə yaşınızı hesablayanda çaşdım: axı cavan adam niyə durduğu yerdə insult keçirtsin? Belə bəlalar adamı boşuna yaxalamır.

– İnsana bütün nemətləri, gözəllikləri, mükafatları Allah bəxş edir. Biz gərək xəstəliyi də, bəlanı da, faciəni də şükürlə qəbul edək. Mən özüm ibadət əhliyəm. Reanimasiyada yatanda anam, bacılarım hamısı yığışıb gəldi. Bacım mənə dedi ki, yataqda olsan da, namazını qıl, hərəkət edə bilmirsənsə, heç olmasa, sözlərini de. Cavab verdim ki, unutmuşam. O da dedi ki, eybi yoxdur, nə yadındadırsa, onu da təkrar et. Düz üç gün gecə-gündüz “bissimillah-rəhmani-rəhim”, bir də “əlhəmdüllah” dedim. Palataya keçəndən sonra bacım soruşdu ki, nəsə yadına düşür? Dedim ki, hə, bir-bir sözlər yadıma düşür. Amma mənim bir tərəfim iflicdir, hərəkət edə bilmirəm, nə vaxt ayağa qalxacağımı da bilmirəm, necə dəstəmaz alım? Bacım sakitcə dedi ki, sən yadına düşənləri təkrar et, əlini divara sürt, təhəmmül et, namazını qıl. İnanırsınız, mən yataq xəstəsi olduğum halda da ümidimi Allahdan heç kəsmədim, ibadətimdən qalmadım, bütün dualarımda da Allahıma şükür etdim. Müalicə həkimim doğmalarıma deyirmiş ki, hazırlıqlı olun…

 

– Yəni hər cür sonluq ola bilərdi?...

– Bəli. Deyilənə görə, mən çox ağır formada insult keçirtmişdim. Altı ay yataqda qaldım. Təxminən bir ilə yenidən yeriməyi öyrəndim, orqanizmimdəki fizioloji funksiyalar bərpa olundu.

 

– O zaman qızınızın neçə yaşı var idi?

– Dörd yaşı var idi. Özü də uşağın gözünün qarşısında oldu hər şey. Küçədə getdiyimiz yerdə hiss etdim ki, sol ayağım dartılır, elə bil addım atmaq istəmir. Gözlərimdən sel kimi su axırdı. Həmin hadisədən 10 il keçib. Bu gün mən ayaq üstəyəm. Sağlamam. İşləyirəm. Övladımı böyüdürəm. Öz gücümə mənzil sahibi olmuşam. Min şükür! Allah hər kəsə hər şeyi onun istədiyi qədər vermir.

 

– Şükür ki, elə ağır xəstəlik fəsadsız ötüşdü və siz bu gün də səhnədəsiniz.

– Əgər anam, qardaşım, bacalarım, yaxın rəfiqələrim olmasaydı, mən bu gün ayaq üstə olmazdım. Həkimlərim Təranə xanıma, Lalə xanıma bu gün də minnətdaram. 

 

– Səhnəyə qayıdışınız necə oldu?

– Xəstəlikdən ayağa qalxandan sonra əvvəlcə xırda rollarla, epizodlarda səhnəyə çıxırdım ki, çox yorulmayım. Sağ olsun teatrın rəhbərliyi, rejissorlarımız ki, mənim vəziyyətimə anlayışla yanaşdılar. “Ünvansız qatar”da Bələdçi obrazı ilə səhnəyə qayıtdım.

 

– Serial seyr etməyi sevənlər sizi müxtəlif rollarda görüblər. Bu cəbhədə vəziyyət necədir?

– İlk çəkildiyim serial “Sirr” adlanırdı. Sonralar “Muradına çatan günəş”, “Bir ovuc torpaq”, “Həyat varsa”, “Ata ocağı” seriallarında çəkildim. Hələlik ən son təhvil verdiyim serial “Vətəndaş A” serialıdır. Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib. Gənc rejissor Elvin Rüstəmzadə ekranlaşdırıb. Mən orda savadsız, rüşvətxor biologiya müəllimi rolunu ifa edirəm. Bu günlərdə efirə çıxmalıdır. “Tilov”, “Sara” seriallarında məşğulam. Teatr da məzuniyyətdən qayıdıb. Yeni tamaşalarımız olacaq. Gəlin, sizi də tamaşalarımızda gözləyirik.

***

Xalidə Əliməmmədova ömrünü sevdiyi sənətə, ona çox əziz olan teatra həsr edib. Peşmandırmı? Yox. Olsaydı, müsahibədən hiss edərdim. Axı çox vaxt hər kəsə təqdim edilən müsahibə əsl söhbətin dörddə biri olur, ya olmur… Xoşbəxtdirmi? Məncə, hə. Çünki Xalidə xanım həyatının, sənətinin ən xoş anları ilə yaşamağı bacarır. Əslində, onu xoşbəxt edən sənət və insan sevgisi, övladı qarşısında valideyn məsuliyyəti, doğmaları, dostları ilə münasibətində səmimiyyəti və sədaqətidir.

Gülcahan Mirməmməd