13-15 sentyabr tarixlərində keçirilən III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında ölkəmizin də təmsil olunması barədə məlumat vermişdik. Ölkəmiz festivalda Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən təmsil edilib.
Yörük mədəniyyətini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan festival çərçivəsində müxtəlif xalqları təmsil edən nümayəndə heyətləri milli geyimlər və dövlət bayraqları ilə Antalyanın mərkəzi hissəsində yürüş edib, milli çadırlar qurulub, konsert proqramları təşkil olunub.
Festival çərçivəsində azərbaycanlı sənətçilərin konsert proqramı keçirilib. Xalq artisti Azərin, AMM-in solisti Vüsalə Əsgərova, mərkəzin “Xəzər” xalq rəqsləri ansamblı və tarzən Pərviz Musayevin iştirak etdiyi konsert alqışlarla qarşılanıb.
Türk dünyası arasında həmrəyliyi, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən mahnılar, “Azərbaycan süitası”, “Cəngi” rəqsləri və digər musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.
Proqramdan sonra çıxış edən AMM-in direktoru Samir Abbasov festivalın təşkilatçılarına təşəkkürünü ifadə edərək, Türkiyə-Azərbaycan, eləcə də bütün türkdilli xalqların birliyinin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb.
Tədbirin son günü azərbaycanlı musiqiçilərin də iştirak etdiyi daha bir konsert proqramı təşkil edilib. Tarda Pərviz Musayev və qanunda Günel Adıgözəlova milli musiqi nümunələrini səsləndiriblər.
Antalyanın Döşemealtı Düzlerçamı Karaman piknik sahəsində təşkil edilən festivalda milli çadırımızı ziyarət edən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Mühittin Böcek Azərbaycan heyəti ilə görüşüb. Bələdiyyə sədrinə üzərində Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinin əks olunduğu Azərbaycan xalçası hədiyyə edilib.
Festivalda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr kimi türkdilli ölkələrlə yanaşı, Bosniya və Herseqovina, Serbiya, Yunanıstan, Şimali Makedoniya, Bolqarıstan, Əfqanıstan, Suriya, İraq və başqa ölkələr də təmsil olunub.