Şair, publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) doktorantı, Prezident mükafatçısı Ülvi Aydının “Gözün aydın, Azərbaycan!” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Kitabda Vətən müharibəsində şanlı Zəfərimizi təcəssüm etdirən yüksək ovqatda yazılan bədii nümunələr yer alıb. Yeddi bölmədən ibarət olan kitabın “Azərbaycanım” adlı bölməsində “Azərbaycan Ordusu”, “Qarabağ Azərbaycandır!”, “Haqqın səsi”, “Ali Baş Komandanımız”, “Tarix yaddaşında qalır şəhidlər”, “Şuşa azaddır!” və başqa şeirlər verilib.
Mənəvi-əxlaqi dəyərləri özündə ehtiva edən “Özün üçün yaşamırsan”, “Kitablarla söhbət”, “Dəniz”, “Bağışla məni, ürək” kimi bədii mətnlər “Pulun etirafı” adlı bölmədə təqdim edilib.
“İki vurulub yüz minə”, “Sənə sənsizliyimdən danışım”, “Dünən başqa, bu gün başqa”, “Qartopu məhəbbəti”, “Qələmdən soruş” adlı bölmələrdə verilən şeirlərdə müəllif duyğularını reallıq və romantikanın vəhdətində ifadə edib.
Kitabın redaktorları BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qocayeva və filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkiyevadır.
Qeyd edək ki, Ülvi Aydının bundan öncə “Düşünək gərək”, “Çağlayan sevgi”, “Təmənnasız qan” və “Eşqin səsi” adlı kitabları çap olunub.